“Aris”in Bakıya səfər proqramı açıqlandı
Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Neftçi”nin qonağı olacaq Kiprin “Aris” komandasının Bakıya səfər proqramı açıqlanıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Limassol təmsilçisi matçdan 2 gün əvvəl – iyulun 26-da Larnaka hava limanından çarter reysi ilə Azərbaycan paytaxtına yola düşəcək.
İyulun 27-də saat 20:30-da “Aris”in baş məşqçisi Aleksey Şpilevski və kapitan Delmiro Nasçimentunun iştirakı ilə mətbuat konfransı keçiriləcək. Saat 21:00-da isə komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.
Qonaqlar matçdan bir gün sonra – iyulun 29-da Kiprə qayıdacaq.
Yeri gəlmişkən, “Aris”in azarkeşlərindən biri “Neftçi”ylə oyunu stadiondan izləmək üçün maraqlı addım atıb. O, bilet pulunu toplamaq məqsədilə həyat yoldaşı ilə birlikdə komandanın qapıçısı Vana Alvesin kartondan hazırladıqları maketini satışa çıxarıb. Klub rəsmi saytı vasitəsilə azarkeşə fədəkarlığına görə təşəkkür edib.
“Bakcell Arena”da təşkil olunacaq “Neftçi” – “Aris” matçına saat 21:00-da start veriləcək. Larnakadakı ilk matçda “ağ-qaralar” rəqibinə 0:2 hesabı ilə uduzub.
Bizi Facebook-da izləyin