
Arda Gülərin qiymətində böyük artım
“Real”ın yarımmüdafiəçisi Arda Gülər bazar dəyərinə görə tarixi rekorda imza atıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “transfermarkt” portalının yenilənmiş göstəricilərinə əsasən, 20 yaşlı futbolçunun qiyməti 45 milyon avrodan 60 milyon avroya yüksəlib. Bu, bütün dövrlər ərzində türk oyunçular arasında ən yüksək göstərici hesab olunur.
Reytinqdə ikinci pillədə hazırda “Yuventus”da çıxış edən Kənan Yıldız (50 milyon avro) qərarlaşıb. Daha sonra isə 2024-cü ildəki göstəricisi ilə Hakan Çalhanoğlu və 2021-ci ildəki dəyəri ilə Çağlar Söyüncü (hər ikisi 45 milyon avro) gəlir.
Xabi Alonsonun rəhbərliyi altında əsas heyətdə möhkəmlənən Gülər bu mövsüm “Real”ın heyətində bütün turnirlərdə keçirdiyi 9 oyunda 3 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Madrid klubu ilə müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.
Bizi Facebook-da izləyin



