“Araz-Naxçıvan”ın futzalçısı: “Diqqətli olmalı, hər fürsəti dəyərləndirməliyik”
“Araz-Naxçıvan”ın futzalçısı İsa Atayev UEFA Çempionlar Liqasının ilkin seçmə mərhələsinin 2-ci turunun “Yan Reqensburq”la qarşılaşmasından öncə danışıb.
Komanda.az xəbər verir ki, 34 yaşlı oyunçu rəqibin müdafiə xəttinin güclü olduğunu deyib:
“Almaniya çempionu düşünüldüyü qədər də zəif rəqib deyil. “Yan Reqensburq”un ilk turdakı rəqibi liderliyə iddialı “Riqa” idi. Hesabı açdılar və matçın başa çatmasına 6 dəqiqə qalana qədər üstünlüklərini qorudular. Sonda gücləri çatmadı.
Əsasən müdafiəyə diqqət yetirir, əks-hücumlar zamanı qol vurmağa çalışırlar. Əlbəttə, diqqətli olmalı, hər fürsəti dəyərləndirməliyik. Qələbə qazanmaq və hədəfə doğru irəliləmək istəyirik”.
Atayev ilk turda Türkiyə çempionu “İstanbul Şişli” ilə matçını (9:1) xatırlayıb və çətinliklə üzləşdiklərini söyləyib:
“İstənilən turnirdə qrupun ilk oyunu çətin keçir. Böyükhesablı qələbə qazansaq da, bunu hiss etdik”.
İsa həmin görüşdə vurduğu ikinci qolun gözəl alındığını diqqətə çatdırıb:
“Epizod zamanı çox rahat idim. Soyuqqanlı şəkildə topu qapıçının başı üzərindən atdım. Baxımlı qol alındı”.
Bu gün baş tutacaq “Araz-Naxçıvan” – “Yan Reqensburq” oyunu Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Bizi Facebook-da izləyin