Araqarışdıran Anton
İlqar Tağıyev
Bu əhvalat 57 il əvvəl baş verib. 1962-ci il Çilidə təşkil olunan mundialın yarımfinalında Braziliya ilə Çili qarşılaşırdı. Əfsanəvi Qarrinçanı dayandırmaq müşkül məsələ idi. 9 və 32-ci dəqiqələrdə fərqlənən braziliyalını rəqib futbolçular daha çox qayda pozuntusunun hesabına saxlayırdılar. 83-cü dəqiqədə çilili Eladio Roxasın növbəti qayda pozuntusundan sonra Qarrinça cavab olaraq zarafatla Roxasın ayağına vurdu. Roxas zarafatı qəbul etsə də, perulu hakim Arturo Yamakasi bunu ciddiyə aldı və Qarrinçanı “qırmızı”ya qonaq etdi.
Yadıma bir hadisə də düşdü. 2017-ci ildə Qarrinçanın həmyerlisi, məşhur Kaka da yersiz zarafatın qurbanı olmuşdu. MLS-də “Nyu-York Red Bullz” – “Orlando Siti” matçının sonlarında (3:1) futbolçular arasında insident yaşanmışdı. Qonaqların futbolçusu Kaka mübahisə edənləri ayırarkən arxadan əli ilə rəqib futbolçu Orelyan Kollininin ağzını tutmuşdu. Əlbəttə, bu da zarafat idi. Kaka mübahisə iştirakçılarından olan keçmiş komanda yoldaşı, dostu Kollinini bu yolla sakitləşdirmək istəmişdi. Kollininin zarafatı qəbul etdiyi açıq-aşkar görünsə də, videotakrara baxan hakim əksini düşünmüş və Kakanı meydandan qovmuşdu.
Keçək öz futbolumuza. Premyer Liqanın 3-cü turunda “Neftçi” – “Sumqayıt” matçında bənzər hadisə baş verdi. “Neftçi”nin qapıçısı Səlahət Ağayev “Sumqayıt”lı Şəhriyar Əliyevlə mübarizədə topu tutduqdan sonra rəqibin başına yüngülvari “sığal çəkdi”. Bu hərəkət matçın hakimi Səbuhi Bayramovun gözündən yayınmadı və haqlı olaraq meydan sahiblərinin qapısına penalti təyin etdi. Bildiyim qədər Səlahətlə Şəhriyarın adi həyatda dostluq münasibətləri yoxdur və Ağayev Əliyevi bəlkə də zarafatla, ərkyana vurub. Amma futbol meydanı zarafat yeri deyil. Doğrudur, referi bu yersiz zarafata görə Səlahəti meydandan qovmadı, yalnız sarı vərəqə ilə kifayətləndi. Əslində, rəqibi bilərəkdən vurmağın və ya buna cəhdin cəzası qırmızı vərəqədi.
Qaydalar nə deyir? FİFA-nın “Oyun qaydaları 2018/2019” buraxılışında bu barədə hər şey açıq-aydın göstərilib. “Qayda pozuntuları və intizamsız davranış” bölümündə göstərilib ki, futbolçu rəqibi əllə və ya başla vurarsa, yaxud vurmağa cəhd edərsə, qayda pozuntusu qeydə alınır. İndiki halda cərimə meydançası daxilində qeydə alınan qayda pozuntusuna görə qaydalara əsaslanaraq penalti təyin olunmalı idi və Səbuhi Bayramov da bunu etdi.
“Neftçi” – “Sumqayıt” oyunu təkcə bu neqativ halla yadda qalmadı. Matçın son dəqiqələrində “flaqman”ın vurduğu qələbə topundan sonra komandanın müdafiəçisi Anton Krivotsyuk “Sumqayıt”ın ehtiyat oyunçular skamyasına tərəf qaçaraq qolu çılğınlıqla bayram etdi. Nəticədə əsəbləri tarıma çəkilən Vurğun Hüseynovla arasında az qala dava-dalaş düşəcəkdi. Futbolçuları vaxtında ayırsalar da, Vurğun Antona sillə ata bildi. Təbii ki, Vurğun futbolçuya yaraşmayan hərəkətinə görə meydandan qovuldu. Anton da həmçinin. Amma ikinci “sarı” ilə.
Adını çəkmək istəmədiyim “Sumqayıt”lı futbolçularla söhbət zamanı onlar Antonun söyüş söydüyünü iddia etdilər. Bunu oyunsonrası mətbuat konfransında Ayxan Abbasov da bildirdi. Məhz Antonun təhqiramiz ifadələr işlətməsi Vurğunu özündən çıxarıbmış. Antondan başqa, ehtiyat oyunçular skamyasına tərəf tərbiyəsiz jest edən Kirill Petrov isə cəzasız qaldı.
Oyun zamanı futbolçular arasında insidentlərlə tez-tez rastlaşsaq da, məşqçilər arasında dava-dalaş nadir hallarda baş verir. Yenə də yaddaşımızı təzələyərək, misal gətirək. Mübahisəyə meylli məşqçilər arasında yarış keçirilsəydi, şübhəsiz, 1-ci yer Joze Mourinyoya verilərdi. Meydanda və meydandan kənarda daim qeyri-adi hərəkətləri ilə yadda qalan Mourinyo nə qədər yaxşı məşqçidirsə, bir o qədər də eqoist və özündənrazıdır. Arsen Venger, Xose Qvardiola, Yurgen Klopp, Tito Vilanova… Bunlar Mourinyonun dava elədiyi məşqçilərdi. Sonuncu dünyasını dəyişib. Elə Mourinyonun Vilanovaya qarşı elədiyi hərəkəti xatırlayaq. 2011-ci ildə İspaniya superkuboku uğrunda “Barselona” “Real”la qarşılaşırdı. “Santyaqo Bernabeu”dakı ilk oyun heç-heç başa çatmışdı – 2:2. Cavab matçının 51-ci dəqiqəsində hesab 2:1 “Barselona”nın xeyrinə olarkən qonaqların müdafiəçisi Marselo David Vilyaya qarşı kobud oynadı və ara qarışdı. Futbolçuların özlərindən çıxdığı bir anda Mourinyo aranı sakitləşdirmək əvəzinə “Barselona”nın məşqçisi Tito Vilanovaya sillə vurdu. Buna görə İspaniya Futbol Federasiyası Mourinyonu ölkə superkubokunda iki oyunluq cəzalandırdı və 600 avro məbləğində cərimələdi. Bir müddət sonra Vilanovadan üzr istəyən portuqaliyalı, həmkarının xərçəngdən əziyyət çəkdiyini eşidəndə demişdi: “Həyatda üç ən böyük arzum? Birincisi Vilanovanın sağalmasıdı”.
Eyni hal haqqında bəhs etdiyimiz “Neftçi” – “Sumqayıt” matçında da yaşandı. “Neftçi”nin qapıçılarla işləyən məşqçisi Etibar Tarıverdiyevin aranı sakitləşdirməyə çalışan “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasova sillə vurmasına haqq qazandırmaq mümkün deyil. Doğrudur, deyilənə görə, oyundan sonra Etibar Tarıverdiyev Ayxan Abbasovla görüşüb və barışıblar. Amma nə fayda, artıq gecdi.
Ümumiyyətlə, “Neftçi”dəki nizam-intizam heç də həmişə istənilən səviyyədə olmayıb. Zaman-zaman istər klubun düşərgəsində, istərsə də, meydanda futbolçular yersiz hərəkətləri ilə yadda qalıblar. Bu gün də vəziyyət dəyişməyib. Ötən mövsüm “Zirə”nin baş məşqçisi Samir Abasovla, bir müddət əvvəl Avroliqada “Bney Yehuda” ilə cavab matçından sonra yəhudilərin çalışdırıcısı Yossi Abukasislə mənasız mübahisəyə girişən baş məşqçi Roberto Bordin yersiz hərəkətlər edəndə futbolçulardan nə gözləməliyik ki? Mourinyo dünyaca məşhur məşqçidi, dili də var, dilçəyi də. Bizim məşqçilər isə bir qədər sakit olsalar, yaxşıdı.
AFFA-nın İntizam Komitəsinin çərşənbə axşamı keçirilən iclasında çıxarılan qərarlar bir qədər təəccüblü oldu. Anton Krivotsyuk 1, Vurğun Hüseynov 3 oyunluq cəza aldı. Etibar Tarıverdiyevin cəzası isə nə az, nə çox, 20 oyundu. Məşqçiyə verilən cəzanın nə dərəcədə ədalətli olduğunu İntizam Komitəsinin üzvlərinin insafına buraxaq. Amma aranı qarışdıran Anton üçün 1 oyun həddən artıq yumşaq qərardı.
Yazıya Qarrinçanın başına gələn əhvalatla başlamışdıq, onunla da bitirək. Oyundan sonra Braziliyanın baş naziri Çiliyə teleqram göndərərək, Qarrinçanın cəzasının ləğv olunmasını xahiş etdi. Bu məsələ ilə bağlı iclas keçirən FİFA baş nazirin xahişini yerə salmadı. Finalda Çexoslovakiyaya qarşı oyunda iştirak edən “sambaçı”nın komandası 3:1 hesablı qələbə qazanaraq çempion adını qazandı.
Qarrinça bağışlandı. Onun hərəkətinə müəyyən qədər haqq qazandırmaq olardı. Elə Kakanın da. Mourinyo da Vilanovaya vurduğu silləyə görə cəzasını aldı. Anton, Kirill və Etibar Tarıverdiyev isə… İntizam Komitəsinin cəzası bir müddət sonra bitəcək. Pul cərimələri də ödəniləcək. Əsas cəza klub tərəfindən gəlməlidi. Əks təqdirdə, rəhmətlik Böyükağa Hacıyevin təbirincə, Anton, Kirill, Bordin və digərləri jurnalistlərə mövzu verməkdə, eyni zamanda “Neftçi”nin adına xələl gətirməkdə davam edəcəklər.
Bizi Facebook-da izləyin