Aqil Abbassayağı sual: Ayə, “Qarabağ” oynayır, siz niyə oynamırsız?

Rəşad Ergün

Yenə olmadı.

Berti Foqtsla olmadı.

Robert Prosineçki ilə olmadı.

Qurban Qurbanovla olmadı.

Canni De Byazi ilə olmadı.

Fernandu Santuşla olmadı.

Ayxan Abbasovla da olmur.

Azərbaycan milli komandası dibi görünməyən qaranlıq quyu kimi, “sükanı arxasına” keçən bütün məşqçiləri udur, öz sonsuz qaranlığında yox edir.

Ayxan Abbasovu İslandiya ilə dünənki oyunda heç bir taktika, zədəyə görə millidən kənarda qalan bütün futbolçular meydana çıxsaydı da, xilas edə bilməzdi. Bizimki taktikadan da keçib, texnikadan da. Ölkənin əsas komandasının formasını geyinən, Azərbaycan himninin sədaları altında meydana çıxan futbolçunun uşaq səhvlərini düzəltmək yığma komandanın baş məşqçisinin deyil, uşaq məşqçilərinin işidir. Və bu milli komandada çıxış edən futbolçular daha bir itirilmiş, əldən getmiş nəsildir.

Ukrayna ilə Bakıda heç-heçə etdiyimiz oyunda da, Fransaya, İslandiyaya uduzduğumuz matçlarda da aydın görünürdü ki, rəqiblərdən istər taktiki savad, istər texnika baxımından geri qalırıq. Belədə, nəticə əldə etmək üçün dişini-dişinə sıxıb 90 dəqiqə döyüşmək, meydanın hər qarışı uğrunda mübarizə aparmaq qalır ki, bunu da bacarmırıq. Və ya, davamlı, ardıcıl bacarmırıq. Ukrayna ilə evdəki, Fransa ilə səfərdəki oyunlarda eyiblərimizi örtən döyüşkənlik idi. İslandiya ilə dünənki qarşılaşmada o da yoxa çıxmışdı.

Bir neçə dəfə yazdığım kimi, “Qarabağ” hamımızı aldadır. Qurban Qurbanovun komandasının avrokuboklarda hər başarılı çıxışından sonra elə təəssürat yaranır ki, bizim futbolda problemlər o qədər də çox və böyük deyil. İnsanlar “Qarabağ”ın oyunlarında stadionu doldururlar, sevinirlər, Çempionlar Liqasının himni Bakının çirkli havasını yararaq, ətrafa yayılır. Əla! Super! Bəs milli komandalar? U-17, U-19, U-21, əsas milli – bunları nə edək? Elə həmin “Qarabağ”ın azərbaycanlı futbolçuların çoxluq təşkil etdiyi U-19 komandasının Çempionlar Liqasındakı bütün oyunlarında rəqiblərinə böyük hesablı məğlubiyyətləri? “Qarabağ”ın Qurban Qurbanovun və legionerlərin sayəsində uğurlu çıxışına əl çalıb, azərbaycanlı futbolçuların, milli komandaların məğlubiyyətlərini görməzdən gəlmək korrupsioner məmurlarımızın çəkdiyi üstü şümal, bəzəkli, altı keyfiyyətsiz olan asfalt yolda yürüməyə bənzəyir. O yol dağılacaq. Deputatlardan tutmuş, jurnalistlərə, azarkeşlərə qədər – “Qarabağ”ın uğurlarına şərik olmaq, sahib çıxmaq ən asan olanıdır. Çətin olan ölkənin milli komandalarının, azərbaycanlı futbolçuların məğlubiyyətlərinə, bacarıqsızlıqlarına, “şikəstlik”lərinə sahib çıxmaqdır. Məsələn, deputat Aqil Abbas kimi, “Qarabağ” oynayır, milli komanda niyə adımızı batırır” deməyə nə var ki? Bununla işlər düzəlir? Kimsə yol göstərmiş, problemlərin həlli üçün addım atmış olur?

Nə isə…

İki gün sonra Fransa millisi ilə oyun var. Allah Azərbaycan millisinin futbolçularına insaf, bizə də səbr versin!

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button