UEFA-da iclas: PSJ çempion elan oluna bilər
Aprelin 23-də UEFA İcraiyyə Komitəsinin iclası keçiriləcək.
Komanda.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. İclasda Avropa Super Liqasına qoşulmuş klubların Çempionlar Liqasının (ÇL) yarımfinalından çıxarılması müzakirə ediləcək. İngiltərənin “Çelsi”, “Mançester “Siti” və İspaniyanın “Real” klubları ÇL-dən çıxarılsa, bu mövsümlə bağlı iki variant tətbiq edilə bilər.
Bunlardan birincisi hər üç klubun turnirdən çıxarılması və digər yarımfinalçı PSJ-nin (Fransa) qalib elan olunmasıdır. Digər variant isə 1/4 finalda mübarizəni dayandıran Almaniyanın “Bavariya”, “Borussiya” (Dortmund) və Portuqaliyanın “Portu” klubunun yarımfinal mərhələsinə qayıtmasıdır.
UEFA bununla bağlı qərarı aprelin 23-də verəcək.
Avropanın 12 klubu yeni Super Liqanın yaradıldığını bəyan ediblər. Yeni turnirin ilkin mərhələsində İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko”, “Real”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları iştirak edəcək.
UEFA və FİFA Avropa Super Liqasına qatılacaq klubların həm yerli turnirlərə, həm də UEFA və FİFA bayrağı altında təşkil olunan yarışlara buraxılmayacağını bəyan ediblər. Hətta bu klubların formasını geyinən futbolçuların ölkələrinin milli komandasında oynamasına qadağa qoyulacağı da deyilir.
Bizi Facebook-da izləyin