“APOEL səddini keçmək çətin olsa da, mümkünsüz deyil”
“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası sabah UEFA Gənclər Liqasında mübarizəyə başlayacaq.
Komanda.az xəbər verir ki, UEFA Çempionlar Liqasında çıxış edəcək “qırmızı-qaralar” 1-ci mərhələdə Kiprin APOEL klubu ilə qarşılaşacaq.
İlk oyun Nikosiyanın “Makarion” stadionunda baş tutacaq. Sentyabrın 30-da Kiprə yollanan Famil Xəlilovun yetirmələri bu gün qarşılaşmaya hazırlığı yekunlaşdırıb. U-19 oyunöncəsi son məşqini görüşün keçiriləcəyi stadionda gerçəkləşdirib.
Komandanın baş məşqçisi Famil Xəlilov səfər matçı öncəsi fikirlərini klub saytına açıqlayıb:
“APOEL müəyyən təcrübəyə malik komandadı. Rəqibi analiz edib, təhlillər aparmışıq. Kipr təmsilçisi bizim qədər hazırlıqlı, mərhələ keçmək üçün istəklidi. Bu rəqibi adlamaq çətin olsa da, mümkünsüz deyil. Mərhələni keçmək üçün əlimizdən gələni etməyə çalışacağıq”.
Xəlilov komandanın hazırlıq durumunu da dəyərləndirib: “Kiprdəki ilk matça istədiyimiz heyəti gətirə bilmişik. Komandada zədəli futbolçu yoxdu. UEFA Gənclər Liqasına taktiki, texniki cəhətdən yaxşı hazırlaşmışıq. Belə oyunlarda psixoloji hazırlıq ən vacib məqamlardandır. İnanıram ki, komanda bu baxımdan da tam hazırdı. Çünki oyunçular harada olduqlarını, nə istədiklərini yaxşı bilirlər. Futbolçular mərhələ keçmək üçün oyuna yaxşı kökləniblər”.
Bizi Facebook-da izləyin