Anna Başta Fransada 5-ci oldu
Fransanın Orlean şəhərində qılıncoynatmanın sablya növü üzrə qran-pri yarışı keçirilib.
Komanda.az xəbər verir ki, turnirin reytinq favoritlərindən sayılan Anna Başta mübarizəyə əsas mərhələdən başlayıb.
İlk görüşündə Qazaxıstan təmsilçisi Tatyana Prixodkoya 15:11 hesabı ilə qalib gələn Anna növbəti görüşündə fransalı rəqibi Faustin Klapieri 15:12 hesabı ilə məğlub edib. Qılıncoynadanımız ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə digər Fransa sablyaçısı Anne Poupinetdən üstün olub – 15:9. Başta yarımfinal uğrunda keçirilən görüşdə İtaliya qılıncoynadanı Çiara Mormileyə 10:15 hesabı ilə uduzaraq yekun sıralamada turnir cədvəlinin 5-ci sırasında yer alıb.
Digər sablyaçılarımızdan Valeriya Bolşakova və Palina Kaspiaroviç də təsnifat mərhələsindən ən güclü 64-lüyə yüksəlməyi bacarıb.
Valeriya 16-lığa kimi irəliləməyi bacarıb. Bolşakova ən güclü 16-lığa yüksəlmək uğrunda keçirilən görüşlərdə yapon və çinli rəqiblərinə qalib gəlsə də, 8-liyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada Emura Misakiyə (Yaponiya) 7:15 hesabı ilə uduzub. Misaki final mərhələsinin ilk görüşündə digər təmsilçimiz Palina Kaspioroviçə 15:12 hesabı ilə qalib gəlib.
Səbinə Kərimova, Sevil Bünyatova və Zərifə Hüseynova isə mübarizəni təsnifat mərhələsində dayandırıb. Səbinə qrup səddini uğurla adlasa da, ilk pley-off görüşündə məğlub olub. Sevil Bünyatova və Zərifə Hüseynova isə təsnifat mərhələsinin pley-offuna yüksələ bilməyib.
Bizi Facebook-da izləyin