Andersson Şeydayevi fərqləndirdi: “Belə futbolçuları bəyənirəm”
İsveç yığmasının baş məşqçisi Yanne Andersson AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“Avropa futbolunda zəif komanda yoxdur. Heç kimi zəif saymaq olmaz. Avstriya – Azərbaycan matçında hesab oyuna görə olmadı. İlk 20 dəqiqədə azərbaycanlılar çox maraqlı oyun göstərirdilər. Sadəcə, müdafiədə buraxılan səhvlərdən sonra futbolçular ruhdan düşdülər. Rəqib futbolçular yüksək texnikaya malikdirlər. Bu mənada, bizə çox çətin olacaq. Azərbaycan millisinin üzvlərini tanıyıram. Ramil Şeydayevin çıxışını xüsusi qeyd edərdim. Mən belə futbolçuları bəyənirəm”.
Andersson ardıcıl ikinci qarşılaşmada xal itirməyin yolverilməz olduğunu vurğulayıb: “Bunu hamımız yaxşı başa düşürük. Odur ki, oyuna çox ciddi hazırlaşmışıq. Qələbə uğrunda sonadək mübarizə aparacağıq”.
Sabah Solna şəhərindəki “Friends Arena”da keçiriləcək İsveç – Azərbaycan oyununa Bakı vaxtı ilə saat 22:45-də start veriləcək. İsveç yığması seçmə mərhələnin ilk matçında evdə Belçikaya 0:3, Azərbaycan millisi isə səfərdə Avstriyaya 1:4 hesabıyla uduzub.
Bizi Facebook-da izləyin