Andersson: “Bizi Azərbaycana qarşı çətin oyun gözləyir”
İsveç yığmasının baş məşqçisi Yanne Andersson Azərbaycan millisinə qarşı keçiriləcək AÇ-2024-ün seçmə mərhələsinin oyunu ilə bağlı təşkil edilən mətbuat konfransında iştirak edib.
Komanda.az xəbər verir ki, 61 yaşlı mütəxəssis Bakıya qələbə qazanmaq üçün gəldiklərini bildirib:
“Bizi Azərbaycana qarşı çətin oyun gözləyir. Martda Azərbaycan millisinə qarşı oynamışdıq. Birinci hissədə çətinliklə üzləşmişdik. Rəqibin müdafiə xəttini ikinci hissədə yara bildik. Sabah da çətin oyun olacaq”.
O, “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində İsveç təmsilçisi “Hakken”lə eyni qrupda yer almasına da münasibət bildirib:
“Bütün diqqətimi milliyə yönəltdiyim üçün ətraflı məlumatım yoxdur. Onu bilirəm ki, “Qarabağ” güclü komandadır, uğurlu çıxış edir. Ümid edirəm ki, “Hakken” qrupu uğurla başa vuracaq”.
Noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – İsveç görüşü saat 21:00-da başlayacaq. F qrupunda yer alan Azərbaycan millisi 6 oyundan sonra 4 xalla 4-cü pillədə qərarlaşıb. Hesabında 7 xal olan İsveç isə üçüncüdür.
Bizi Facebook-da izləyin