
Ançelottinin taleyi “Barselona” ilə oyundan asılıdır?
“Real”ın baş məşqçisi Karlo Ançelottinin Braziliya millisinin “sükanı arxasına” keçmək ehtimalı hələ də qüvvədə qalır.
Komanda.az “Cadena Ser”-ə istinadən xəbər verir ki, Braziliya Futbol Federasiyası italiyalı mütəxəssislə əlaqəni tamamilə kəsməyib.
Ançelottinin Madrid klubunda nə qədər qalacağı əsasən La Liqanın 35-ci turunda keçiriləcək “el-klasiko”nun nəticəsindən asılı olacaq. “Real” bu oyunda uğursuz nəticə göstərərsə, klub demək olar ki, çempionluq şanslarını itirəcək və bu halda Ançelottinin mövsüm bitdikdən sonra Braziliya yığmasına keçməsi mümkündür. Ancaq “Real” qələbə qazansa, titul uğrunda mübarizəni davam etdirəcək və bu, Ançelottinin yığmaya vaxtından əvvəl keçməsini mümkünsüz edəcək.
“Real” mövsümün son mərhələsində uğur qazanarsa, Ançelotti ən azı Klublararası dünya çempionatı başa çatanadək komandada qalacaq. Klub rəhbərliyi bu turniri 2025/26 mövsümünün başlanğıcı hesab etdiyindən, həmin vaxta qədər komandada daimi baş məşqçinin olmasını istəyir.
Daha əvvəl yayılan xəbərlərdə Ançelottinin Braziliya millisindən imtina etdiyi, karyerasını “Real”da davam etdirmək və ya Səudiyyə Ərəbistanından aldığı sərfəli təklif arasında qaldığı bildirilmişdi.
Bizi Facebook-da izləyin



