Anasından koronavirus şübhəsi olan Mahir Emreli ilə bağlı açıqlama

Azərbaycan millisinin və Polşanın “Legiya” komandasının ilk koronavirus testi müsbət çıxmış futbolçusu Mahir Emreli üçüncü dəfə yoxlamadan keçəcək.

Komanda.az xəbər verir ki, bu barədə 24 yaşlı hücumçunun anası Elnurə Emreli məlumat verib. Onun sözlərinə görə, hazırda Serbiyada olan Mahirin koronavirusa yoluxduğu dəqiq deyil:

“Mahir yenidən test verəcək. Heç bir simptomu yoxdur. Hər şey qaydasındadır. Özü ilə yenicə danışmışam, yaxşıdır. Belqradda başqa bir yerə test verməyə gedəcək”.

Emrelinin anası bildirib ki, oğlunun ötən gün verdiyi test pozitiv, ekspress testi isə neqativ nəticə verib və üstəlik, Mahir peyvəndlidir:

“Mahir səfər öncəsi, Bakıya gələnədək və Azərbaycana çatdıqdan sonra test verib və nəticə neqativ olub. Komandadan kənarda heç kiminlə təmasa girməyib, azarkeşlərlə görüşməyib. Yoluxma və ya testinin pozitiv çıxma səbəbini hələ bilmirik”. (Report)

AFFA Mahir Emrelinin Serbiyaya qarşı DÇ-2022-nin seçmə oyunundan əvvəl ilk testinin müsbət çıxdığını və UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq, serblərlə matçı buraxacağını açıqlayıb. “Legiya”nın mətbuat xidmətinin rəhbəri İzabela Kruq isə ikinci testin mənfi olduğunu bildirib.

Bu gün Belqraddakı “Rayko Mitiç” stadionunda keçiriləcək Azərbaycan – Serbiya oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button