AFFA-dan almanlara “yox” cavabı
Almaniyanın 3-cü liqasında çıxış edən “Proyssen” klubu Azərbaycan millisinə dəvət alan futbolçusu Rüfət Dadaşovun yığmanın düşərgəsinə gec qoşulmasını istəyib.
Komanda.az xəbər verir ki, Münster təmsilçisi sentyabrın 4-də Vestfaliya kubokunda “Rödinqhauzen”lə matçda Dadaşovun da iştirak etməsini istəyib. Bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.
“Proyssen”in idman direktoru Malte Metselder Dadaşovun yığmanın düşərgəsinə gec qoşulması üçün AFFA-ya müraciət etdiklərini, ancaq cavabın müsbət olmadığını bildirib. Dadaşov özü də bu məsələ ilə bağlı fikirlərini deyib:
“Əlbəttə, “Rödinqhauzen”lə matçda iştirak etmək istərdim. Ancaq Azərbaycandan zəng gələndə, vətənə yollanmaq mənim üçün şərəfdir”.
“Proyssen” avqustun 31-də, 3-cü liqanın 7-ci turunda “Hanza” ilə qarşılaşacaq. Dadaşov, bu matçdan sonra Azərbaycana yollanacaq.
Azərbaycan millisi AÇ-2020-nin seçmə mərhələsində sentyabrın 6-da səfərdə Uelslə, 9-da isə Bakıda Xorvatiya ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin