“Sabah”ın futbolçusu: “Azarkeşlər 3 avro xərcləmək istəmirlər”
“Elə yaşa çatmışam ki, bu dövrdə insan öz hərəkətləri haqda daha çox fikirləşir”.
Komanda.az “Transfermarkt” portalına istinadən xəbər verir ki, bu fikirləri “Sabah”da çıxış edən Coy-Lens Mikels deyib.
29 yaşlı yarımmüdafiəçi “Sabah”a keçidi haqda danışıb:
“Öz-özümə düşündüm ki, peşəkar futbolçu kimi çox az vaxtım var. Niyə cəhd etməyim? Xüsusən də, Konfrans Liqasında iştirak etmək şansım olacaq. O vaxt hələ oteldə yaşayırdım, Bakıda mənzilim yox idi və demək olar ki, heç kim ingiliscə danışmırdı. Almaniya və Niderlandla müqayisə olunmayan məşq şəraitinə də öyrəşməli oldum. Yalnız paytaxtın mərkəzində mənzilə köçəndən, yerli sakinlərlə real təmas qurandan və komandaya uyğunlaşandan sonra hər şey dəyişdi”.
Mikels qidalanmasına xüsusi diqqət ayırdığını bildirib:
“Elə yaşa çatmışam ki, bu dövrdə insan öz hərəkətləri haqda daha çox fikirləşir. Düzgün və sağlam qidalanmaya da önəm verirəm. Ölkə çempionatı fiziki cəhətdən çox güclüdür. Müdafiəçilər klassik “dana dişləyənlərdir”. Burada hər oyunda fiziki cəhətdən çətinlik çəkirsən və bu, iliklərinə qədər işləyir”.
Almaniyalı futbolçu azərbaycanlı azarkeşlərin stadiona çox gəlmədiklərini dilə gətirib:
“Bir milyondan çox əhalisi olan şəhərdə tanınırıq. Televiziya reytinqləri çox yaxşıdır, futbol yüksəlişdədir. Amma istərdim ki, stadiona daha çox azarkeş gəlsin. Ən yaxşı oyunlarda 10 mindən çox tamaşaçı olur, normal matçlara isə cəmi 3000 nəfər gəlir. Ən ucuz biletin qiyməti cəmi 3 avroya bərabər olsa da, insanlar çox vaxt gəlmirlər. Komandalarının uduzacağı ehtimalını düşünərək 3 avro xərcləmək istəmirlər”.
Oyunçu paytaxt Bakının nəqliyyatından da söz açıb:
“Bakı çox rahat, sakit guşələri olan yaşana bilən şəhərdir. Yalnız yolları çətin olur. Bakıda tıxacsız yaşamaq demək olar ki, mümkün deyil. Çox ucuz olduğu üçün hər kəs taksidən istifadə edir. Bakıdan məşq meydançasına qədər 15 kilometr üçün az qala dörd avro ödəyirəm. Azərbaycan məni və kiçik ailəmi, həqiqətən də qucaqladı. Bir arzum olsaydı, bütün ailəmə sağlamlıq diləyərdim. İdman baxımından yaxşı vaxt keçirməyə davam etmək istəyirəm. Bu mövsüm beynəlxalq arenaya vəsiqə qazana bilərik”.
Coy-Lens Mikels 2021-ci ilin iyulundan “Sabah”da çıxış edir.
Bizi Facebook-da izləyin