Almaniya klubundan türk futbolçu ilə bağlı sərt qərar
“Sankt Pauli” klubunun futbolçusu Enver Cenk Şahinin Türkiyə ordusunun Suriya ilə sərhəddə apardığı hərbi əməliyyatlara dəstək göstərdiyi üçün Almaniyada böyük təzyiqlərlə üzləşdiyini xəbər vermişdik.
Komanda.az xəbər verir ki, 25 yaşlı türkiyəli yarımmüdafiəçi “İnstaqram” hesabında “Barış pınarı” hərəkatına dəstək mesajı paylaşmış, bu isə klub rəhbərliyi, xüsusilə də komandanın azarkeşləri tərəfindən sərt qarşılanmışdı.
Bu paylaşımın klubun dəyərləri ilə üst-üstə düşmədiyini vurğulayan rəhbərlik futbolçu ilə görüşdüklərini və araşdırma apardıqlarını qeyd etmişdilər. “Sankt Pauli”nin “Ultra” azarkeş qrupunun üzvləri isə futbolçu ilə klub arasındakı müqaviləyə xitam verilməsi tələbini irəli sürmüşdülər. Onlar Enver Cenk Şahinin bir daha bu komandanın formasını geyinməsini istəmədiklərini bəyan etmişdilər.
Artıq 2-ci Bundesliqa təmsilçisi türkiyəli futbolçu ilə bağlı yekun qərarını açıqlayıb. Klubun rəsmi saytının yaydığı son məlumata görə, futbolçu ilə 2021-ci ilə qədər olan müqaviləyə xitam verilməyəcək. Amma o, bu müddət ərzində komandanın məşqlərində iştirak edə, oyunlara çıxa bilməyəcək. “Sankt Pauli” rəhbərliyi onun bu müddət ərzində başqa klublarla danışıqlar aparmasına da mane olmayacaq.
Qeyd edək ki, bu qalmaqaldan sonra Türkiyənin müxtəlif klubları Enver Cenk Şahini öz heyətlərində görməyə hazır olduğunu açıqlayıb.
Bizi Facebook-da izləyin