“O oyunda “Liverpul”un məğlub olmasının tək səbəbkarı Karius deyil” – Bekker
Çempionlar Liqasının final oyununda “Tottenhem”lə qarşılaşacaq “Liverpul”un qapıçısı Alisson Bekker açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı qolkiper, Mersisayd təmsilçisinin keçən mövsüm ÇL-də “Real”la keçirdiyi final matçında (1:3) kobud səhvlərlə yadda qalan qapıçı Loris Kariusla bağlı danışıb:
“Heç bir məğlubiyyəti bir insanın çiyinlərinə yükləyə bilməzsiz. Meydanda 11 nəfər mübarizə aparır. Qalib gələndə, hər kəs qalib gələr, məğlub olanda, hər kəs məğlub olar. O oyunda da “Liverpul”un məğlub olmasının tək səbəbkarı Karius deyil”.
Bu vəziyyətin üzərində təzyiq yaradıb-yaratmayacağı ilə bağlı danışan braziliyalı qapıçı, bunları deyib:
“Çempionlar Liqasının final matçı kimi vacib oyunda təbii ki, üzərinizdə təzyiq olar. Belə oyunda edəcəyiniz bir səhv karyeranızın geri qalan hissəsində üzərinizə yapışa bilər. Amma nə yaxşı bir qurtarış, nə də kobud səhv edəndə bu fikirlərin beynimdə olmasına icazə verirəm”.
“Liverpul”la “Tottenhem” arasında keçiriləcək final matçı iyunun 1-də, saat 23:00-da start götürəcək.
Bizi Facebook-da izləyin