Aleksey Baqa: “İlk oyunda bir qol vura bilsəydik…”
“Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri cavab oyununu (1:1, ilk oyun 0:1) şərh edib.
Komanda.az xəbər verir ki, belaruslu mütəxəssis matçdan sonra bunları söyləyib:
“Nəticə bizi qane etməsə də, komandamın sərgilədiyi oyundan və əzmkarlıqdan razı qaldım. İlk matçla müqayisədə fərqli oyun izlədik. İlk oyunda 1 qol vura bilsəydik, bu gün meydana daha rahat çıxa bilərdik. Matça geridə başlamaq futbolçulara psixoloji baxımdan mənfi təsir etdi. Komandam ikinci hissədə daha yaxşı oynadı. İnkişaf nəzərə çarpır. Rəqibi yarımfinala çıxması münasibətilə təbrik edirəm”.
41 yaşlı baş məşqçi bundan sonra Premyer Liqada hər oyunun komandası üçün finala bərabər olacağını söyləyib: “Bütün futbolçularımız peşəkardırlar. Hamı meydanda öz üzərinə düşəni edəcək”.
Baqa Qəbələdəki futbol infrastrukturuna da toxunub: “Məşqdən sonra piyada mehmanxanaya kimi getdim ki, hər şeyi öz gözlərimlə görüm. İnfrastruktur, meydançalar, dağlar, bir sözlə, mənzərə çox gözəldir”.
O, komandanın əsas probleminin qol fürsətlərini dəyərləndirə bilməməsi ilə əlaqələndirib: “Epizodlar yaratsaq da, istifadə edə bilmirik. Bunun üzərində çox işləmək lazımdır”.
Bizi Facebook-da izləyin