Ağırlığı ilə qapı tirini qırdı, bütün komandanın yeməyini yedi – Yazı+Fotolar
Bəlkə də, internetdə vaxt keçirərkən onun fotosu sizin də qarşınıza çıxıb. Kök, nəhəng futbolçu profili. Yəqin elə ilk ağlınıza gələn də bu sual olub: “Bu boyda futbolçu olar?”
Komanda.az sizə “Çelsi”nin əfsanəvi futbolçularından olan Uilyam Henri Folkun hekayəsini təqdim edir.
Ada futbolunun daimi izləyiciləri “Piroqları kim yedi?” şüarını yəqin ki, bilirlər. Hekayənin qəhrəmanı Uilyam Henri Folk, ya da ləqəbiylə desək, “Fatti” (“Kök”) 12 aprel 1874-cü ildə İngiltərənin Şropşir əyalətinin Davley şəhərində anadan olub. O, 19 yaşında “Şeffild Yunayted”in skautları tərəfindən kəşf edilib və komandanın qapısını qorumağa başlayıb. Onun çəkisi ilə bağlı müxtəlif söz-söhbətlər yayılsa da, 1,93 boyu, 150 kiloqram çəkisi ilə futbol meydanlarında ad saldığı və qorxulu olduğu da yazılır. Dağı andıran cüssəsiylə qapının böyük bir hissəsini tutduğu üçün rəqib hücumçular qol vurmaqda çətinlik çəkiblər. Üstəlik, nəhəng cüssəsinə baxmayaraq, onun çevikliyi də olub. Ona görə də, penaltiləri qaytarmaqda usta idi.
1894-1905-ci illərdə “Şeffild Yunayted”in qapısını qoruyan “Kök”, bu müddət ərzində komandası ilə 3 dəfə İngiltərə Federasiya kubokunun finalında iştirak edib və iki dəfə kuboku qazanıb. 1896-97 mövsümündə bir oyunda komandasının vurduğu qola sevinərkən iki əli ilə üst tirdən tutub sallanmağa başlayıb və tir 150 kilo ağırlığa dözməyərək, ortadan qırılıb. Bununla da, qarşılaşma uzun müddət dayandırılıb.
“Şeffild Yunayted” komandası ilə 299 matça çıxdıqdan sonra, 1905-ci ildə 50 funt-sterlinqə, bugünkü oyun biletinin qiymətinə bərabər olan məbləğə “Çelsi”yə transfer olunub. O zaman “Çelsi”nin baş məşqçisi Robertson meydanda olarkən komandanın ən qısaboylu oyunçularını “Kök”ün arxasınca qaçmağa məcbur edir, beləliklə, onu vahiməli göstərir, nəticədə, hələ matç başlamadan rəqib komandanın oyunçularının ürəyinə qorxu salırdı.
Ancaq bir müddət sonra “Fatti” xeyli əsəbi birinə çevrilir və əsəbiliyi ilə demək olar ki, hər oyunda problem yaradan biri olur. Belə ki, gah komanda yoldaşlarına əsəbiləşib matç zamanı meydanı tərk edir, gah da rəqib hücumçuları tutub çuval kimi atırdı.
Yazılanlara görə, yeməyə qarşı dözümsüz olan futbolçu bir dəfə matçdan əvvəl komanda üçün hazırlanmış səhər yeməyi süfrəsində hamıdan əvvəl oturub, dostları gələnə qədər süfrədə olan hər şeyi yeyib bitirib. Oyuna ac çıxmağa məcbur qalıb bəxtsiz komanda.
Onun bu qəribəliklərinə baxmayaraq, “Çelsi” azarkeşləri “Kök”ü çox seviblər. Deyilənlərə görə, günümüzdə Britaniya futbolunda bir az kök olan futbolçular üçün səslənən “Bütün piroqları kim yedi?” şüarı ilk dəfə “Çelsi” tribunalarında onun adına oxunub. “Fatti”nin bu şüara cavab olaraq dediyi “Məni necə çağırırlar çağırsınlar, əsas odur yeməyə gec çağırmasınlar” ifadəsi isə futbol tarixinə düşüb.
Uilyam Henri Folk 1916-cı ildə, 42 yaşında, yoxsulluq içində vəfat edib. Qəzetlər ölüm səbəbini sətəlcəm kimi yazıblar.
İradə Əsgərova
Bizi Facebook-da izləyin