“Ağıllı oynayaraq nəticə qazandıq” – Şahin Diniyev

“Səbail”in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 7-ci turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Rəqib ağır komandadır. Taktiki sxemi düzgün qurmaq çox çətindir. Oyunun gedişində hər şey dəyişir. İkinci qolu vursaydıq, daha asan olacaqdı. Futbolçularıma təşəkkür edirəm. Ağıllı oynayaraq nəticə qazandılar. Eyforiyaya qapılmamalıyıq. Komandanın oyunu bizə gələcəyə ümidlə baxmağa əsas verir. Potensialımız var. Bu gün Pedro, Yusif və Qomis zədəli halda oynayırdı. Tam formada deyillər. Bundan da yaxşı oynaya bilərik. Biz birlikdə güclüyük, bir futbolçudan asılı deyilik.

Tam əminliklə deyə bilərəm ki, eyforiya yoxdur. Mən buna imkan verməyəcəm. Yuxarı çıxmaq asandır, orada qalmaq çox çətindir. Artıq hər komanda bizi ciddi qəbul edəcək. Bəlkə də kimlərinsə gözləmədiyi yerdəyik. Ərzurumda toplanışda olanda anladım ki, bu futbolçularla nəsə etmək olar. Avrokuboklarda oynamağı söz verməmişəm. Bacardıqca yuxarılarda olmağa çalışacağıq.

Stabil heyətin varsa, stabil oyunun da olacaq. Stabilliyi qorumağa çalışırıq. Bəli, əvəzedici heyətdən dörd futbolçu götürmüşük. Onları yavaş-yavaş hazırlayırıq. Qələbədən sonra nəyisə dəyişmək istəmirəm. Bir şeyi də demək istəyirəm. Şəhriyar Rəhimovun ölümündən sonra bu komanda çox əziyyət çəkdi. Hər qələbədən sonra düşünürəm ki, kaş o da bunu görərdi. Uğurumuza o qədər sevinərdi ki… Məğlubiyyətlərdən sonra çox əziyyət çəkirdi. Şəhriyarın forması həmişə bizim paltardəyişmə otağında asılır. 13 nömrə oradadır. Şəhriyar bizimlədir, Şəhriyar getməyib. 13 nömrəli forma heç kimə verilməyib”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button