AGF rəsmiləri Goranboya səfər ediblər
Azərbaycan Güləş Federasiyasının rəsmiləri Goranboy rayonuna səfər edib.
Komanda.az xəbər verir ki, bu rayonun Qaradağlı kənd orta məktəbində yerləşən güləş zalına baxış keçirilib.
Federasiya tərəfindən inventarla təmin edilmiş güləş zalında 80-dən çox yeniyetmə və gənc yunan-Roma güləşinin sirrlərinə yiyələnir. Olimpiya mükafatçısı, 2 qat Avropa çempionu və dünya ikincisi Həsrət Cəfərov, dünya və Avropa mükafatçısı Taleh Məmmədov, gənclər arasında dünya və Avropa mükafatçısı Əsgər Əlizadə, yeniyetmələr arasında olimpiya çempionu Elman Muxtarovun yetişdiyi bu məktəb Azərbaycan güləşində xüsusi çəkiyə malikdir.
Qaradağlı kəndinə səfərdə federasiya rəsmiləri ilə yanaşı, Həsrət Cəfərov da iştirak edib. Güləş Federasiyasının Hakimlər Kollegiyasının sədri Qərib Əliyev və Həsrət Cəfərov çıxış edərək güləşçilərə öz tövsiyələrini veriblər, intizamlı olmağın və məşqçilərin tapşırıqlarına canla-başla riayət etməyin önəmini qeyd ediblər. Öz növbəsində məktəbin güləş üzrə məşqçi-müəllimləri Aftandil Əliyev və Bayram Bayramov, Qaradağlı kənd məktəbinin direktoru Rəşad Məmmədov federasiyaya göstərdiyi diqqət və qayğıya görə təşəkkür edib, bu səfərin uşaqlar üçün böyük stimul olduğunu qeyd edib.
Sonda güləşçilərə AGF tərəfindən xatirə hədiyyələri təqdim edilib və xatirə şəkli çəkdirilib.
Bizi Facebook-da izləyin