AGF-dən ləğv olunan Dünya Kuboku ilə bağlı açıqlama
Azərbaycan Gimnastika Federasiyası (AGF) Bakıda yarımçıq dayandırılan idman gimnastikası üzrə Dünya Kuboku ilə bağlı rəsmi açıqlama yayıb.
Komanda.az xəbər verir ki, AGF artıq beşinci dəfə belə bir yarışa ev sahibliyi etdiyini xatırladıb.
12-13 martda Milli Gimnastika Arenasında Dünya Kubokunun təsnifat mərhələləri baş tutub. Bütün dünyada koronavirus xəstəliyi ilə əlaqədar yaranan məlum səbəblərdən isə yarışların final mərhələləri ləğv edilib.
AGF nümayəndə heyətləri Bakıya səfər etməmişdən əvvəl və finalların ləğvindən sonra yaranan bütün çətinlikləri aradan qaldırmaq üçün gecə-gündüz çalışan Yerli Təşkilat Komitəsinin (YTK) hər bir üzvünə, onlarla əməkdaşlıq edən hər bir könüllüyə təşəkkürünü bildirib: “Bütün dünyada yaranan çətin vəziyyətə baxmayaraq, Azərbaycanın gimnastika ailəsi birləşib, dünya gimnastika ulduzlarını sağlam mühitdə qəbul etmək üçün əlindən gələni edib. Artıq bütün nümayəndə heyətləri Bakıdan yola salınıb və öz ölkələrinə çatıblar. AGF Beynəlxalq Gimnastika Federasiyasına, nümayəndə heyətlərinə koronavirus xəstəliyinin ölkə ərazisində yarada biləcəyi təhlükənin Azərbaycan dövləti tərəfindən qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlı olduğu finalların ləğvinə anlayışla yanaşmaları, ümumiyyətlə, yarışlarda iştirak etdiklərinə görə minnətdardır. Müvafiq dövlət qurumları və digər təşkilatların dəstəyi olmadan bu Dünya Kuboku yarışları baş tuta bilməzdi. AGF böyük dəstəyə görə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Birinci Vitse-Prezidentinin Katibliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Sərhəd Xidməti, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, “ASAN viza” və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə səmimi təşəkkürünü bildirir”.
Qeyd edək ki, daha öncə 17 – 19 aprelə nəzərdə tutulan bədii gimnastika üzrə Yana Batırşinanın mükafatları uğrunda 7-ci açıq turnir ləğv edilib. Bakıda keçirilməsi planlaşdırılan bədii gimnastika üzrə Dünya Kubokunun vaxtı dəyişdirilib.
Bizi Facebook-da izləyin