Respublika stadionunun direktoru: “Açığı, onlar ot örtüyünün belə olmasının səbəbini tapa bilmirlər”
“Qarabağ” dünən Konfrans Liqasının 3-cü mərhələsinin cavab matçında AEL-i (Kipr) 1:0 hesabıyla məğlub edərək, qələbə qazandı və pley-off mərhələsinə yüksəldi.
Ağdam təmsilçisi pley-offda Şotlandiyanın “Aberdin” komandası ilə qarşılaşacaq. “Qarabağ” ilk matçı avqustun 17-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.
Matça bir neçə gün qalmış Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyü bərbad gündədir. Dünən oyundan sonra hər iki komandanın baş məşqçisi mətbuat konfranslarında ot örtüyündən şikayətlərini dilə gətirdilər. Meydançanın ürəkaçan olmaması yaxşı oyuna da mane olur və komandalara problemlər yaradır. Bəs bunun günahkarı kimdir? Nə üçün yavaş-yavaş otlaq sahəsinə çevrilən meydançanın vəziyyəti düzəldilmir? Bununla bağlı stadionun direktoru Şamil Quliyevlə əlaqə saxladıq. Quliyev, Komanda.az saytına açıqlamasında, ot örtüyünə “Qarabağ” klubunun cavabdeh olduğunu deyib:
“Günahkarı təyin etməyə görə demirəm, əvvəla, 2015-ci ilin yanvarından “Qarabağ” klubu ilə müqavilə imzalanıb. Oyun meydançası, ot örtüyü, paltardəyişmə otaqları klubun məsuliyyətindədir. Buna birbaşa cavabdeh “Qarabağ”dır. Bu sahələrə stadionun heç bir aidiyyatı yoxdur. Çünki onlara klub özü baxmalı, nəzarət etməlidir. Bizim əlimizdən nə gəlirsə, edirik. Üzərimizə düşən məsuliyyət su ilə təmin etmək, işçi lazım olarsa verməkdir ki, bunları da edirik. “Qarabağ”ın öz əməkdaşları ot örtüyünə qulluq edirlər. Düzünü desəm, onlar əllərindən gələni edirlər, özü də ən yüksək səviyyədə. Mən özüm də bu işlərə baxıram və heç bir iradım da yoxdur.
Dünən “Qarabağ”ın prezidenti Tahir Gözəl açıqlama verib ki, drenajlar çatışmır, layihə qurularkən səhvə yol verilib, buna görə də ot örtüyündə vəziyyət belədir. Bunların heç biri həqiqətə uyğun deyil. Drenajlar yüksək səviyyədədir. İnanmırsızsa, gəlin suvarma sistemini qoşaq, görün necə işləyir. Drenaj sistemi yaxşı işləyir və heç bir problem yoxdur. Ötən müsahibəmdə qeyd etmişdim ki, stadionun ot örtüyünə baxmaq üçün “Qarabağ” klubu tərəfindən xarici mütəxəssis dəvət olunub. Özlərinin şirkəti – “Azərsun”da çalışan biri idi. Bundan sonra “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri mənə zəng vurdu və dedi ki, kim gəlib stadiona baxmağa? Dedim ki, xəbəriniz yoxdursa, o, mənim məsuliyyətim deyil. Bundan sonra məndən xahiş etdi ki, ot örtüyü ilə bağlı açıqlama verməyim. O, bildirdi ki, ot örtüyünə cavabdeh bizik və biz cavablandıraq sualları. Açığı, onlar ot örtüyünün belə olmasının səbəbini də tapa bilmirlər. İyul və avqust ayları ərzində niyə belə olub, bilmirlər. Artıq ot bir hissədən saralmağa başlayır və belə davam edir. Suvarma sistemində problem yoxdur. Gün ərzində demək olar 60 ton su istifadə olunur.
Bizim “Qarabağ”la müqaviləmiz var və biz öz üzərimizə düşən işləri yerinə yetiririk. Ot örtüyünə onlar cavabdeh olsa da, bir şey olan kimi hər kəs stadionun adını çəkir. Baxmayaraq ki, bizim günahımız yoxdur, məsuliyyət onların üzərindədir. Dünən axşam matçdan sonra “feysbuk”da biri yazıb ki, dövlət tərəfindən stadiona pul ayrılıb və yeyinti var. Onu qeyd edim ki, dövlət tərəfindən stadiona bir qəpik də pul ayrılmır. Dövlət tərəfindən ayrılan pullar başqa ehtiyaclar üçün ayrılır. O da qismən maliyyələşmədir. Ot örtüyü üçün dövlət tərəfindən heç bir maliyyə ayrılmır. Gərək nəsə yazanda araşdırasan, sonra yazasan. Mən sizi əmin edirəm ki, ot örtüyü üçün dövlət tərəfindən bir qəpik də pul ayrılmır. Dövlət tərəfindən ayrılan pul işçilərin məvacibləri üçün ayrılır, o da qisməndir”.
Şahin Cəfərov
Bizi Facebook-da izləyin