
Ağasəlim Mircavadov: “Mən “Qarabağ”a inanıram”
Yeni mövsümdə Azərbaycanı avrokuboklarda “Qarabağ”, “Sabah”, “Zirə” və “Araz-Naxçıvan” təmsil edəcək. Ağdam təmsilçisi UEFA Çempionlar Liqasında, “Sabah” Avropa Liqasında, “Zirə” ilə “Araz-Naxçıvan” isə Konfrans Liqasında mübarizə aparacaq.
AFFA Məşqçilər Komitəsinin üzvü, Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadov Komanda.az-a açıqlama verərək, klublarımızın avrokuboklardakı şanslarını dəyərləndirib:
“Hamısından yalnız uğurlu çıxış gözləyirəm. Yəni, əziyyət çəkiblər, hamısına inanıram. “Qarabağ” UEFA Çempionlar Liqasında mübarizə aparacaq, onların da problemləri var. Oyunçuların bəziləri getdi, müqavilə bağlamadılar. Bildiyimə görə, legionerlərlə danışıqlar gedir. İndi bilinmir alınacaq, ya yox, amma hazırda mən “Qarabağ”a inanıram, köklü komandadır. Öz oyun üslubu var, hətta orda keyfiyyətli uşaqlar da var, onu yaddan çıxarmaq lazım deyil. Amma qələbə qazanmaq, Çempionlar Liqasının qrupuna düşmək üçün əlbəttə ki, kifayət qədər keyfiyyətli oyunçular lazımdır. Mərkəz müdafiəçisi, orta xətt – yəni, bu mövqelər mən deyim ki, vacibdir. Onun söhbəti yox ki, mən hazırda “Qarabağ”a inanıram.
“Sabah”a gəldikdə isə, bu komanda ölkə kubokunun finalında elə bir oyun nümayiş etdirdi ki, doğrudan da, çox intizamlı və çox yaxşı. Keyfiyyətləri var və bunu açmaq lazımdır. Hələ bilinmir heyətdə dəyişiklik olacaq, ya yox, onu bilmirəm. Hələ heç bir informasiya da vermirlər. Amma hazırkı heyətlə çox şeyi həll etmək olar.
“Zirə” mən deyərdim ki, tam hazırdır. Komandaları nümayiş etdirdiyi oyunu ilə qiymətləndirirəm, başqa kriteriyalara üstünlük vermirəm. “Zirə”də bu yüksək səviyyədədir. “Zirə”nin oyunu hazırdır. Bildiyimə görə, bir-iki yaxşı, keyfiyyətli oyunçu da transfer edib. İnanıram ki, onlar Konfrans Liqasında qrupa düşməlidirlər. Özlərindən asılıdır, hazırlıq və bir də ki, həftədə bir oyun olacaq. Həmin oyunlara hazırlıq lazımdır. İyul, avqust aylarında Bakıda havaların isti olmasını yaddan çıxarmaq olmaz. Bunu da nəzərə almaq lazımdır.
“Araz-Naxçıvan”a gəlincə, Elmar Baxşıyev yaxşı işləyir. Oyuna öz baxış tərzi var, ona inanmaq lazımdır. Heyəti qoruyub, rəhbərlik çox iddialıdır, istəklidir. Bu da komandaya kömək edə bilər.
Hər şey komandaların öz əllərindədir. İlk olaraq hazırlıq keyfiyyətli olmalıdır ki, oyunlara hazır olasan. Klublarımıza ancaq uğurlar arzu edirəm”.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



