Naci Şensoy: “Bunu “Neftçi”nin üstünlüyü kimi görürəm” – Müsahibə

“Neftçi” Avropa Liqasının 2-ci təsnifat mərhələsində Türkiyənin “Qalatasaray” klubu ilə qarşılaşacaq.

“Ağ-qaralar”ın Super Liqa nəhəngi qarşısındakı şansları ilə bağlı türkiyəli mütəxəssis Naci Şensoyla danışdıq. Bir vaxtlar Azərbaycanda “Turan”ı çalışdırmış Şensoy, qarşılaşmada “Qalatasaray”ın kağız üzərində favorit olduğunu, lakin “Neftçi”nin də sürprizə imza ata biləcəyini deyir. Naci Şensoyun Komanda.az saytına müsahibəsini təqdim edirik:

  • Naci bəy, “Neftçi”nin Avropa Liqasında “Qalatasaray”a rəqib olması Türkiyədə necə qarşılandı?
  • Bəli, dünən püşk atılanda Türkiyədə hər kəs dəyişik hisslər içində idi. Qardaş iki ölkənin komandalarından biri mübarizəni dayandıracaq, biri də yoluna davam edəcək. Bir tərəfdən də, bəlkə də, yaxşı oldu, ən azı bir türk komandası növbəti mərhələyə yüksələcək. Ötən günlərdə verdiyim müsahibələrin birində demişdim ki, “Neftçi” “Şkupi”ni məğlub edəcək. Çünki mənim bir müddət çalışdırdığım “Makedoniya GP” “Neftçi” ilə qarşılaşmalı idi. Amma Makedoniya Futbol Federasiyası çox haqsız bir qərar alaraq, “Şkupi”nin Avropa Liqasında iştirak etməsinə imkan yaratdı. Bir az bu məsələyə aydınlıq gətirim… Makedoniyada liqalar martın 11-də dayandırıldı və daha sonra bərpa olunmadı. “Makedoniya GP” və “Şkupi”nin eyni xalı var idi, hər iki komandanın şəxsi oyunlarında da üstünlük “Makedoniya GP”-də idi, çünki “Şkupi”ni öz meydanlarında məğlub etmişdik. Belə hallarda əvvəlcə komandalar arasındakı oyunlara baxılır, amma yerli federasiya bunun əksinə etdi və haqsız olaraq “Şkupi”ni Avropa Liqasına yolladı. “Neftçi” ilk mərhələdə “Şkupi”ni 2:1 hesabıyla məğlub etdi, indi isə “Qalatasaray”la qarşılaşacaq. Düzdür, “Qalatasaray” kağız üzərində favorit görünür, amma oyun o qədər də asan keçməyəcək.
  • Kağız üzərində favorit “Qalatasaray”dır, deyirsiz. “Neftçi”nin şanslarını necə dəyərləndirirsiz və bakılıların üstünlüyü nələr ola bilər?
  • “Qalatasaray” UEFA kubokunu qazandıqdan sonra çox geriləyib. UEFA kubokundan sonra klubun əsas hədəfi Çempionlar Liqasını qazanmaq olsa da, təəssüf ki, idarəçiliyin düzgün olmaması səbəbindən bu hədəflərindən uzaqda qalıblar. Ötən il Çempionlar Liqasında yaxşı oyun sərgiləmədilər. İndi də koronavirus pandemiyasına görə büdcələri azalıb və buna görə də, transferdə sakit qalıblar. “Neftçi”nin də artıq hazırlığa başlaması, yerli çempionatda bir matç keçirməsi “Qalatasaray”a oyunun çətin keçəcəyini göstərir. Unutmamaq lazımdır ki, “Neftçi” də böyük klubdur. Həm SSRİ vaxtında, həm də indi Azərbaycanın lokomotividir. Bir şeyi də xatırlayaq ki, “Fənərbaxça” 4 il əvvəl Makedoniyanın “Vardar” klubuna uduzdu. Buna görə də, hər nə qədər “Qalatasaray” favorit olsa da, oyunun nəticəsini meydandakı mübarizə müəyyən edəcək. Qarşılaşmanın Bakıda olması da “Neftçi” üçün bir az üstünlükdür. Ən məyusedici hal isə azarkeşlərin olmamasıdır.
  • Siz “Neftçi”nin baş məşqçisi olsaydız, “Qalatasaray”a qarşı hansı taktika ilə, sistemlə oynayardız?
  • Bir az fərqli sual oldu. Açığı, bayaq da qeyd etdiyim təhlilləri futbolçularımla da bölüşərdim. Əvvəla, onlara “Qalatasaray”ın da məğlub ola biləcəyini, rəqibi gözlərində böyütməmələrini deyərdim. Gördüyünüz kimi, hər şeydən əvvəl “Neftçi”nin özünəinamını artırardım, onları psixoloji olaraq oyuna hazırlayardım. Unutmamaq lazımdır ki, oyun əvvəlcə başda oynanılır. Taktiki baxımdan da çox səbrli olmalı, rəqibi dayandırmağın yollarını tapmalı, aqressiv olmamalı və rəqibin boşluqlarından yararlanıb, qol vurmağı düşünərdim. Onu da qeyd edim ki, “Qalatasaray”ın əsas qapıçısı Fernando Muslera zədə səbəbindən bu oyunda olmayacaq və bunu “Neftçi”nin üstünlüyü kimi görürəm.
  • Azərbaycan futbolunu izləyirsiz? “Neftçi” haqda sizdən məlumat alan olub?
  • Bəli, mümkün olduğu qədər Azərbaycan futbolunu izləməyə çalışıram və lazımlı məlumatlara sahibəm. Sizə açığını deyim, “Neftçi” haqda heç kim məndən məlumat istəməyib. Bununla bağlı məndən bir istəkləri olsa, sizə etdiyim kimi, onlara da obyektiv şəkildə “Neftçi” haqda fikirlərimi deyərdim.
  • “Neftçi” – “Qalatasaray” matçında böyükhesablı nəticənin olacağını düşünürsüz?
  • “Qalatasaray” ən güclü heyətiylə oyuna çıxacaq. Çünki “Neftçi”ni zəif komanda kimi qiymətləndirmək “Qalatasaray”a baha başa gələ bilər. Bir daha deyirəm, “Vardar” güclü “Fənərbaxça”nı məğlub edirsə, “Rabotniçki” “Trabzonspor”u keçirsə, niyə “Neftçi” “Qalatasaray”ı mübarizədən kənarlaşdıra bilməsin? Azərbaycanın flaqmanı olan komanda bunu niyə edə bilməsin?! “Qalatasaray” oyunun favoritidir, amma futbol sürprizlərlə dolu olan bir oyundur. Mən şəxsən “Qalatasaray”ın böyükhesablı qələbə qazanacağını gözləmirəm.
  • Hazırda özünüz nə işlə məşğulsuz?
  • Bu ilin martın 11-nə qədər “Makedoniya GP” komandasında baş məşqçi idim. Ancaq koronavirus pandemiyasına görə çempionat keçirilmədi və mən də evimə qayıtdım. Daha sonra klub büdcəsini azaltdığı üçün ora qayıtmadım. Bir neçə təklifim oldu, lakin şərtlərdə razılaşa bilmədim və indi İstanbulda evimdəyəm, dincəlirəm.
  • Azərbaycan klublarından təklif var idi?
  • Yox, hazırda Azərbaycandan təklifim yoxdur, olmayıb. Türkiyədən və çox tanıdığım Balkan ölkələrindən təkliflərim olur.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button