Aftandil Hacıyev “Sumqayıt” üzərindəki qələbədən danışdı

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri ilk oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Maraqlı oyun oldu. “Sumqayıt”ın öz oyun üslubu var. Bilirdik ki, bizi çətin görüş gözləyir. Bundan əvvəl 1/8 finalda “Zaqatala” ilə matçımız da ağır keçmişdi. 10 günün içində 4-cü oyunumuzu keçiririk. Sevindiricidir ki, bu oyunlarda futbolçular ciddi zədələr almadılar. Qalib gəlsək də, bu, yekun nəticə deyil. Bizi daha ağır cavab oyunu gözləyir. Hazırda əsas işimiz futbolçuları qısa müddətdə bərpa edib növbəti matça hazırlaşmaqdır. Bilirik ki, rəqib də asan təslim olmayan komandadır. Cütün taleyinə cavab görüşündə aydınlıq gələcək. “Sumqayıt”a da uğurlar arzu edirəm”. Rəqib asan məğlub olmur. Çempionatda turnir cədvəlinin üst pillələrindədirlər. Biz də rahat olmamalıyıq. Çalışacağıq ki, bundan da diqqətli olaq və istədiyimiz nəticəni qazanaq. Onlarla Premyer Liqada da qarşılaşacağıq. Bir-birimizi 3 oyunda görməkdən bezə bilərik. “Sumqayıt” bizə yaxın kollektivdir. Bundan sonra da onları görmək bizə xoşdur. Əsas odur ki, hamı maraqlı oyun izlədi”.

Hacıyev uzun müddət sonra rəsmi görüşə çıxan qapıçı Kamran Ağayev haqqında da danışıb: “Kamran təcrübəli qapıçıdır. Ona ölkə tarixində ən istedadlı qapıçı desək, yanılmarıq. Uzun müddətdir ki, birgə çalışırıq. Çəki ataraq tez bir zamanda bərpa olunmaq çətindir. Amma Kamran öz əziyyəti və çalışqanlığı ilə bu mərhələnin böyük hissəsini arxada qoyub. Bu gün vaxtı yetişmişdi, onu əsas heyətdə meydana buraxdıq. Əslində bundan əvvəlki kubok matçında meydana buraxmağı düşünürdük. Sadəcə, atasının yas mərasimi ilə bağlı evdə olmalı idi və bir neçə məşq buraxdı. Ondan sonra isə “Qarabağ”la oyuna az məşq etdiyi üçün risk etmədik. Bu gün artıq vaxtı yetişdi, artıq Ağayevi meydana tez-tez buraxmağa çalışacağıq. Hətta bu gün meydanda 90 dəqiqə qalmağı risk idi. İlk hissədə sonra az da olsa, ağrılar hiss edirdi. Amma Kamran xarakterli oyunçudur. Çətinlikləri geridə qoyub, onu yenidən futbolumuza qazandırmağı düşünürük. İnanıram ki, tezliklə formasını bərpa edəcək”.

Baş məşqçi bu il qarşılarına fərqli məqsədlər qoyduqlarını sözlərinə əlavə edib: “Çempionatda üçüncü yeri tutanda və bürünc medal qazananda sistem dəyişikliklərinə və ya bir sıra dəyişikliklərə əl atırdıq. Amma bu il daha çox oyunumuzu inkişaf etdirməyi düşünürük. Meydanda gənc futbolçuları daha çox görürsünüz. Onları milli komandaya qazandırmaq niyyətindəyik. Təcrübəli futbolçularımız da var, onların təcrübəsindən ən azı 2-3-4 il ölkə futbolunun faydalanmasını istəyirik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button