Aftandil Hacıyev: “Səbail”dən gedənlərin sayı artacaq”
“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın 14-cü turu çərçivəsində səfərdə “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:4 hesabı ilə uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
“Qış fasiləsindən öncə son oyun idi. Axırıncı pillədən qurtula bilərdik. Amma bacarmadıq. Heyətimizi rəqiblə müqayisə edə bilmirik. Ustalıq səviyyəsi “Zirə”də daha çox idi. Rəqibin ustalıq səviyyəsi ümidlərimizi puç etdi. 10 oyun qalib gəlməmək böyük problem deyil. Daha böyük problemlər var. Tapşırıq olub ki, daha gənc oyunçulara şans verək. Bundan danışmaq lazımdı. Meydanda 3 limit futbolçumuz var idi. Təcrübəli futbolçular bu vəziyyətlə barışmaq istəmirlər. Onlar iddialı klublarda çıxış etmək istəyirlər. İddiamız zəifləyib deyə onlar da narahatdı. Hər kəs çalışır ki, maksimum dərəcədə çıxış etsin. Bu gənc oyunçuların ilk illəridi. Onların oyun sayı artmalıdı ki, təcrübələri də çoxalsın. Ona görə rahatam ki, heyətimiz gəncdi. Onları milli komandaya qazandıra bilərik. Mənim dövrümdə komandada pozitiv hallar daha çoxdu. Yeganə narahatlıq odu ki, sonuncu pillədə gedirik. Bu məni razı sala bilməz. Çempionat başlayandan sonra komandanı tərk edənlər oldu. Fasilədə də gedənlərin sayı artacaq”.
Bizi Facebook-da izləyin