Aftandil Hacıyev: “İki cəbhədə mübarizə aparmaq bizim üçün çətin idi”
“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Zirə”yə qarşı keçirdikləri cavab oyununu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:3 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib.
“Turniri layiqli şəkildə tərk edirik. İlk dəqiqələrdə qol vurduqdan sonra gedişatı dəyişə bilərdik. Planımız yaxşı alındı. Ən azından rəqibin əsəbləri ilə oynaya bildik. İlk qoldan sonra 2-3-cü qolları vura bilərdik. Amma “Zirə” təzyiq altında usta futbolçuları ilə oyunu ələ aldı. Bu gün bacardıqlarımızı ortaya qoya bildik. Hesab rəqibin xeyrinə dəyişdikdən sonra işimiz çətinləşdi. İtkilərimiz var idi. Amma futbolçuların məğlub olmamaq istəyi məni razı saldı. Onsuz da iki cəbhədə mübarizə aparmaq bizim üçün çətin idi. Bundan sonra çempionata köklənəcəyik. “Zirə”ni isə təbrik edirəm. Düşünürəm ki, yarımfinalda oynamaq üçün hər cür potensialı var”.
Hacıyevin sözlərinə görə, oyunçu dəyişikliyi etməyə imkanı yoxdur:
“Futbolçular üçün ardıcıl olaraq süni örtükdə oynamaq asan deyil. Bu matçı ciddiyə almışdıq. Bu gün gənc futbolçularımız özlərini yaxş tərəfdən göstərdilər. Onları gələcək matçlarda da meydanda görəcəksiniz”.
“Zirə”nin məşqçisi Vaqif Paşayev isə ilk matçdakı darmadağına baxmayaraq, arxayınlaşmadıqlarını söyləyib:
“Uşaqlara bu barədə demişdik. Sağ olsunlar, tapşırıqları yerinə yetirdilər. Külək bizə mane olsa da, yaxşı mübarizə apardıq”.
Yeni transferlərin çıxışına da toxunan mütəxəssis, onların yaxşı futbolçular olduğunu vurğulayıb:
“Getdikcə daha yaxşı olacaqlar”.
Paşayev, yarımfinalda “Neftçi”yə rəqib olmalarına da toxunub:
“Mümkün olduğu qədər irəli gedəcəyik. Rəqibin kimliyindən asılı olmayaraq, oynayacağıq”.
Bizi Facebook-da izləyin