Aftandil Hacıyev: “Heyət güclənməlidir”
“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın 12-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:3 hesabıyla uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında komandadakı rəqabətin istənilən səviyyədə olmadığını söyləyib:
“Hər iki komanda turnir cədvəlində vəziyyəti yaxşılaşdırmaq istəyirdi. Həm qol epizodları, həm də qollar çox oldu. Heyətdə bəzi problemlərimiz var. Hücumçular Ağabala Ramazanov və Mirabdulla Abbasov zədəlidir. Son məğlubiyyətin ardından az oynayanlara şans verdik. İkinci dövrə bizim üçün çətin oldu. İlk dövrə yaxşı keçirdi. Çalışacağıq ki, vəziyyəti yaxşılaşdıraq. Qış vasiləsində rəhbərliyin qərarlarından çox şey asılıdır. İddialı olacağıqsa, heyət güclənməlidir. Şəhriyar Rəhimov yığmada iki oyun, 90 dəqiqə meydanda oldu. Çox yorğun idi. Digər mövqelərə baxanda müdafiədə rəqabət var. Oyunun qırılma anı Adil Nağıyevin qırmızı vərəqə alması oldu. Təcrübəli futbolçular belə anlarda daha yaxşı çıxış etməlidi. Komandada bu çatışmır. Çünki gənc oyunçular çoxdur”.
Bizi Facebook-da izləyin