Aftandil Hacıyev: “Bizim üçün belə məğlubiyyətlər gözləniləndir”
“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 4-cü turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, səfərdə 0:5 hesabı ilə uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Qəbələ” bu gün meydanda bütün komponentlərdə bizi üstələdi. Hesab da oyunu əks etdirir. Hər tur olduqca ağır keçir. Futbolçuları oyunlara hazırlamaq olduqca çətindir. Çempionatda belə məğlubiyyətlər olacaq. Bizim üçün belə məğlubiyyətlər gözləniləndir. Stabil oynamağımız üçün bir çox amil çatışmır. Rəqiblərdən geri qalsaq da, bəhanə gətirmək istəmirəm. “Qəbələ” bizi tam üstələdi və layiqli qələbə qazandı. Biz isə növbəti görüşü düşünməliyik. Oyunçularımızın bir çoxu Premyer Liqada oynadığını dərk etməlidir. Bu, hər oyunçu üçün ciddi sınaqdır. Bu sınaqdan üzüağ çıxmaq lazımdır. Lakin bu gün bunu bacarmadılar.
Bəhanə kimi çıxmasın, səbəbləri biz oyun gedə-gedə və oyundan əvvəl hiss edirdik. Həftəiçi normal məşq edə bilməmişdik. Rahid Əmirquliyev və Camal Araqonun xidmətindən yararlana bilmədik. Süni örtükdə oynayandan sonra futbolçular çoxlu güc sərf edirlər. Rəqiblərimiz də oynayır. Amma bizdə oyunçuları bərpa etmək üçün işi bu yöndə kifayət qədər inkişaf etdirməyə ehtiyac var. Bunlar bəhanə deyil. Bu gün gümrah və əvvəlki turlardakı kimi istəkli “Səbail”i mən də görə bilmədim. Çalışacağıq ki, əsas oyunçularımızı tez bərpa edək”.
Bizi Facebook-da izləyin