Aftandil Hacıyev: “Ardıcıl süni örtüklü meydanda oynamağımız bizə problem yaradır”

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:2 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Oyun haqda çox danışmaq istəmirəm. Belə oyunlarda xal qazana bilməsək, mövsümün qalan hissəsində işimiz daha da çətin olacaq. Futbolçuların əziyyətinə heyfim gəlir. Ardıcıl üç oyundur süni örtüklü meydanda oynayırıq, məşq edirik. Hələ “Qarabağ”la oyunu da burda keçirəcəyik. Bu, bir qədər çətinlik yaradır. Zədəli futbolçularımız, itkilərimiz var. Fasilə dönəmində də bəzi futbolçularımız məşqlərdə iştirak edə bilmirdi. Amma bütövlükdə problemlərimizdən də danışmaq istəməzdim.

Oyunun elə ilk yarısında müdafiədə səhvlərimizin olduğu diqqət çəkirdi. Futbolçuların verilən tapşırıqları düzgün yerinə yetirməməsi də aşkar sezilirdi. Fasilədə bəzi düzəlişlər etməyə çalışdıq. İkinci hissənin təxminən yarısı nəzarətimiz altında keçdi. Sadəcə, buraxdığımız qol zamanı qayda pozuntusunun olub-olmaması mənim üçün müəmmalı qaldı. Baxmaq lazımdır. Belə ucuz qol buraxmağımız işimizi çətinləşdirdi. Qol vuracağımızı gözləyirdim. Düşündüyümüz kimi də oldu, qolumuzu vurduq. Amma sonda rəqib müdafiədəki boşluqdan yaxşı istifadə edib, qələbəni təmin etdi. Rəqib keyfiyyətcə bizdən üstün idi və bunun sayəsində qələbə qazandı. Onları təbrik edirəm. Biz isə qarşıdakı oyuna hazırlaşacağıq.

Adil Nağıyev “Neftçi” ilə oyunda zədələndiyi üçün bir həftə məşq etmədi. Əslində, “Neftçi” ilə görüşün yerinin dəyişdirilməsindən narahat idim. Amma başqa əlac da yox idi. Onların meydanı təmirə bağlanmışdı. Ardıcıl süni ot örtüyündə oynamaq oyunçular üçün çətin olur. Yenə bir oyunu süni, növbəti matçı təbii ot örtüyündə keçirməklə balans yarada bilirdik. Amma son turlarda bu şansımız da olmayıb.

Buraxdığımız qoldan sonra qapıçı Kamran Ağayevi çağırmağımda səbəb odur ki, o, müzakirə aparmalı deyil. Rəqib tez başlayıb, qol vura bilərdi. Hansı ki, bunu etmək istədilər. Belə hallarda qapıçı müzakirə aparmamalı və yerinə qayıtmalıdır. Mən də bunu kənardan hiss edirdim. Orda cərimə zəribəsi var idimi? Rauf Cabarov oyunu yaxşı səviyyədə idarə etməyə çalışsa da, alınmadı. Bəzən birtərəfli qərarlar görünürdü. Məncə, birinci qolda rəqib Kamranı itələyib cərimə meydançasından çıxartdı. Bütün hallarda “Keşlə” daha istəkli idi. Qələbələrinə kölgə salmaq istəmirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button