AFFA üçün prezident “axtarışı”
Rövnəq Abdullayevin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti vəzifəsindən azad edilərək, iqtisadiyyat nazirinin müavini təyin edilməsi son günlərin gündəm xəbəri oldu. Xüsusən də, Azərbaycanın futbol ictimaiyyəti üçün. Axı Rövnəq Abdullayev 2008-ci ildən bəri həm də, Azərbaycan futbolunun başındakı birinci şəxs – AFFA prezidentidir. Əlini çoxdan futbol meydanlarında qazanılmayan yaxşı nəticələrdən üzüb, ümidini AFFA-nın rəhbər postlarındakı mümkün dəyişikliklərə bağlayan futbol ictimaiyyəti indi həyəcan və maraqla bir suala cavab axtarır: Rövnəq Abdullayev federasiyanın prezidenti vəzifəsindən də gedəcəkmi? Gedəcəksə, onu kim əvəzləyəcək?
Birinci ehtimal
Əvvəlcə bunu xatırlatmaqda fayda var ki, Azərbaycanda AFFA da daxil olmaqla, bütün idman federasiyalarında rəhbər şəxslər “seçki” adı altında dövlət səviyyəsində təyin olunur. Son bir neçə ayda əksər idman federasiyalarında “seçki” adı altında müxtəlif nazirlər, iriçaplı məmurlar federasiya prezidenti təyin edilib. Şounun adı seçkidir, gerçək mənzərənin adı isə təyinat. Yəni Rövnəq Abdullayev AFFA prezidenti vəzifəsindən də gedərsə, onu əvəzləyəcək şəxsin seçki yolu ilə seçilə biləcəyi ehtimalını lap başdan silib, atırıq bir kənara.
Bəs AFFA-nın yeni prezidenti kim ola bilər?
Ağıla gələn ilk ehtimal federasiyanın baş katibi, icraçı vitse-prezident Elxan Məmmədovdur. Hansı ki, əksər futbol adamlarının reallaşmasını arzulamadığı ehtimaldır. Məmmədov 2007-ci ildən AFFA-nın baş katibi vəzifəsini daşıyır və Rövnəq Abdullayevin formal rəhbərliyi fonunda Azərbaycan futbolunu idarə edən birinci, hətta demək olar, yeganə şəxs odur. Məmmədovun hakim dairə ilə yaxşı münasibətinin olması barədə söz-söhbətlər isə çoxdan var. Əslində, Azərbaycan futbolunun hazırkı mənzərəsinə görə Rövnəq Abdullayev də, Elxan Məmmədov da çoxdan AFFA-dan qovulmalı idi. Amma bu ölkədə rəhbər şəxslərin işinin keyfiyyətinə görə qiymətləndirilməsi nə vaxt dəbdə olub? Kimsə işinə görə qiymətləndirilmirsə, Elxan Məmmədovun AFFA prezidenti olması üçün ciddi bir maneə yoxdur. Bir şərtlə ki, bu postda başqalarının da gözü olmasın.
İkinci ehtimal
İqtisadiyyat naziri Mikayıl Cabbarovu AFFA prezidenti kimi təsəvvür edə bilirsiz? Fantaziyalarınızı bir az zorlamalısız. Bu işdə sizə Cabbarovun Azərbaycan Güləş Federasiyasının prezidenti olması faktını xatırlamaq kömək edə bilər. Rövnəq Abdullayev SOCAR-ın prezidenti postundan kənarlaşdırılıb, Cabbarova müavin təyin edilirsə, Azərbaycan futbolu da niyə ona həvalə edilməsin? Nəzərə alaq ki, futbol güləşdən çox daha populyardır, bütün idman növlərinin şahı sayılır. Həm də, Mikayıl Cabbarov futboldan bizim planetin Yupiterdən uzaq olduğu qədər uzaq biri də deyil. Premyer Liqada mübarizə aparan “Sabah” klubu iqtisadiyyat nazirinin nəzarətindədir, o, bu komandanın oyunları, nəticələri ilə şəxsən maraqlanır. Xülasə, fantaziyalarınızı zorlayıb Mikayıl Cabbarovu AFFA prezidenti kimi təsəvvür etmək istəsəz, heç nə itirməzsiz.
Üçüncü ehtimal
Rövnəq Abdullayevin iqtisadiyyat nazirinin müavini təyin edilməsi əslində futbolla bağlı məsələdə çox şeyə aydınlıq gətirir. Abdullayevlə birlikdə AFFA da Azərbaycan İqtisadiyyat Nazirliyinin nəzarətinə keçdi. Hələ daha əvvəl SOCAR-ın nəzdində Müşahidə Şurasının yaradılması, şuraya Mikayıl Cabbarovun sədr təyin edilməsi bəzi mətləblərə aydınlıq gətirmişdi. AFFA-nın yeni prezidentinin kim olacağı haqda suala cavab tapmağa çalışarkən, ehtimallar üzərində yeni rəhbərin adına görə dayanırıq. Görünən budur ki, Azərbaycan futbolu de-fakto Mikayıl Cabbarovun nəzarətindədir. AFFA-nın yeni prezidenti Cabbarovun özü də ola bilər, futbola rəhbərliyin Elxan Məmmədova tapşırılması da mümkündür, ya da üçüncü ehtimal, Rövnəq Abdullayev federasiyadakı postunda saxlanılar.
Bütün bu ehtimalların fonunda bir şey çox aydındır: Azərbaycan futbolunda Mikayıl Cabbarov dönəmi başlayıb. Bu dönəmdə futbol nə qazanacaq, nə itirəcək, bu barədə indidən nəsə demək çətindir. (Meydan.TV)
Bizi Facebook-da izləyin