AFFA Tərlan Əhmədovu milliyə gətirir? – “Kəpəz” rəsmisi nə təsdiq, nə də təkzib etdi
Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsində ardıcıl iki oyunda məğlub olduqdan sonra futbol ictimaiyyəti, jurnalistlər, azarkeşlər baş məşqçi Canni De Byazinin yığma komandadan uzaqlaşdırılmasını tələb etdilər.
AFFA rəhbərliyinin italiyalı mütəxəssisin yerinə bir neçə namizədi nəzərdən keçirdiyi deyilir ki, onlardan biri də “Kəpəz”in “sükanı arxasında” olan Tərlan Əhmədovdur. Əhmədovun Gəncə klubundakı uğurlu işi federasiya rəhbərliyinin onun da namizədliyini gözdən keçirməsinə səbəb olub. Hətta bizdə olan məlumata görə, Əhmədovun millinin “sükanı arxasına” dəvət ala biləcəyi barədə Gəncə klubu da məlumatlandırılıb.
Məsələ ilə bağlı “Kəpəz”in mətbuat xidmətinin rəhbəri Azad Mustafayevlə əlaqə saxladıq. Klub sözçüsü Komanda.az-a açıqlamasında bununla əlaqədar AFFA-nın İcraiyyə Komitəsinin qərar verəcəyini bildirib:
“Bununla bağlı rəsmi qərar olmasa, münasibət bildirməyimiz düzgün olmaz. Baş məşqçi məsələsinə AFFA İcraiyyə Komitəsi qərar verir. Biz hər zaman millini çalışdıran mütəxəssisə uğurlar arzu edirik!”
Xatırladaq ki, yığma komanda Avsriya ilə matçda 1:4, İsveçlə qarşılaşmada isə 0:5 hesabı ilə uduzub.
Rövşən Əlisoy
Bizi Facebook-da izləyin