AFFA: seçki, yoxsa dəyişiklik?
Rəşad Fərhadoğlu
Hər şey qalxır, məvaciblər, təqaüdlər, yaşayış minimumu, yaşayış maksimumu, qiymətlər və qiymətsizliklər. Paralel olaraq, əməkhaqqına görə haqq, pensiyaya görə haqq və s. də qalxır. Yəni, Azərbaycanda yaşayış keyfiyyəti deyil, manatın dolların kursundan asılı olmayaraq, dəyərsizləşməsi baş verir. Devalvasiya vaxtı insanların gözlə görülmədən cibinə girilirdisə, hazırda bu proses daha demokratik, yəni göz görə-görə gedir.
Gedən təkcə bu deyil. Deyilənlərə görə, Rövnəq Abdullayev də gedir, özü də AFFA-dan. Bu gedişin buna qədərki gedişlərdən fərqli olacağı, yəni birdəfəlik olacağı iddia olunur. Bunu Rzayev Zirəddin, Nur Bayram deyil, nursuz mətbuat deyir. Amma əsaslandırmadan.
AFFA-nın seçkiyə, yoxsa dəyişikliyə gedəcəyi məlum deyil. Seçki təzə bir şey də deyil, “Fatı qalx, Fatı otur” prinsipi ilə olarsa. Əzbərlənmiş, kommunist metodu sonda “toplananların və toplanların yerini dəyişəndə heç nə dəyişmir”lə sonuclanır.
Demokratik seçim isə dəyişikliyi labüd edir. AFFA-nın baş postuna adı hallanan iki namizəd var. Onlardan önə çıxanı Mikayıl Cabbarovdur. Vergilər nazirinin seçilməsi vəziyyəti həm qəlizləşdirə bilər, həm də sadələşdirə. Birinci variant AFFA-nın hazırkı rəhbərliyinin etdiyini Vergilər Nazirliyinin təkrarlayacağı təqdirdə baş verər. Yəni, AFFA-nın indiki rəhbərliyinə deyilsə ki, siz yaxşı yeyib-dağıtmadız, imkan verin, büdcəyə ikinci böyük töhfəsini verənlər (birincisi “neft çıxaranlar”dır) bunu etsin, o zaman vay meydançada qalanlarla, tribunadan qaçanların halına! Yox, dövlət daha mütərəqqi addım atıb, futbola girişənləri vergidən uzaq tutsa, o zaman assosiasiyanın baş vergitoplayana verilməsi labüd olar. Bu variantı hətta rəhmətlik Nostradamus da bizim ölkə üçün istisna edib.
İkinci namizədə gəlincə… Mirmahmud Fəttayev deyirdi ki, Azərbaycanda küçədəki itlərin sayından generalların sayı çoxdur. Əlavə edə bilərik ki, “Şöhrət” ordeni alanların da sayı generalların sayından çoxdur. “Şöhrət”i ordendən qabaq futbola sıçrayan Yaqub Eyyubovun qohumu Elxan Məmmədov haqda danışmağa, ağız yormağa dəyməz. Adam adını futbolla bağlı bütün komissiyalara, işçi qruplarına “soxuşdurub” ki, kreslosu həm də baralyefi funksiyasını oynasın. Bu azmış kimi, AFFA-nın şefi olmağı arzulaması normaldır. Bilir ki, “day-day” hesabına onsuz da hardansa “kran axını”nı təmin edəcək…
İddialar və iddialılar hər zaman olub, olacaq. Amma Azərbaycan reallıqları həmişə ön plana çıxıb. Reallıq isə hələ ki, AFFA-da “baş kreslo”ya göz dikənlərin, yəni iddiaların və iddialıların olduğunu göstərir. Bu “savaş”dan kim qalib çıxacaq, onu birlikdə görəcəyik.
Bizi Facebook-da izləyin