AFFA seçim qarşısında: Reqlament yenə pozula bilər

AFFA rəhbərliyi növbəti mövsümdə Azərbaycan Premyer Liqasında komanda sayı ilə bağlı məsələdə tərəddüd edir.

Komanda.az-ın əldə etdiyi məlumata görə, federasiya rəhbərliyi Premyer Liqanın növbəti mövsümündə 12 komandanın iştirakını düşünür. Amma son mövsümdə birinci divizionda ilk pilləni tutub elitaya vəsiqə qazanan Naxçıvan təmsilçisi “Araz Naxçıvan” AFFA-nın tərəddüdünə səbəb olub. Federasiyada bilirlər ki, “Araz Naxçıvan”la Naxçıvanda keçirilməli olan oyunlar yol baxımından kifayət qədər çətinlik yaradacaq. Federasiyada “Araz Naxçıvan”ın Bakıda məskunlaşması məsələsi də müzakirə edilir. Amma hələ ki, yekun qərar verilməyib.

Premyer Liqada iştirakı gözlənilən ikinci komanda isə “Zaqatala”dır. Birinci divizionda mövsümü 44 xalla, 6-cı pillədə başa vuran “Zaqatala”ya AFFA tərəfindən reqlamentə zidd olsa da, “yaşıl işıq” yandırmağa hazırdırlar.

“Araz Naxçıvan”la “Zaqatala”nın Premyer Liqada iştirakı dəqiqləşsə, o zaman “Şamaxı”nın birinci diviziona düşməkdən canı qurtaracaq. Baxmayaraq ki, Şamaxı təmsilçisi Premyer Liqada son pilləni tutub və qaydalar onların elitanı tərk etməsini tələb edir.

Bizdə olan məlumata görə, AFFA-da heç bir dəyişiklik etmədən, “Şamaxı”nı elitada saxlamaq, birinci diviziondan Premyer Liqaya komanda buraxmamaq variantı da müzakirə edilir. Amma federasiya rəhbərliyi bu varianta ehtiyatla yanaşır. Çünki növbəti dəfə reqlamenti kobud şəkildə pozmağın doğuracağı reaksiyanı yaxşı bilirlər.

Üzərində düşünülən daha bir variant isə “Şamaxı”nı birinci diviziona göndərib, “Zaqatala”nı Premyer Liqaya gətirməkdir. AFFA daha çox bu varianta üstünlük verir.

Hazırda federasiya ilə üç klub – “Şamaxı”, “Araz Naxçıvan” və “Zaqatala” arasında danışıqlar davam edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button