
AFFA Santuşu yola salmağa hazırlaşır
Azərbaycan millisi bu gün növbəti yoxlama oyununda Bakıda Macarıstan yığması ilə qarşılaşacaq.
Fernandu Santuşun baş məşqçisi olduğu komanda bir neçə gün əvvəl səfərdə Latviya yığması ilə də yoxlama matçında üz-üzə gəlmişdi və görüş qolsuz heç-heçə ilə nəticələnmişdi.
Komanda.az-ın əldə etdiyi məlumata görə, Macarıstanla oyun Santuşun Azərbaycan millisindəki son matçı ola bilər. Komanda məğlub olacağı və yaxşı oynamadan heç-heçə edəcəyi halda, portuqaliyalı mütəxəssislə yollar ayrılacaq. Yalnız qələbə sayəsində Santuşun AFFA ilə əməkdaşlığı bir müddət daha davam edə bilər. Bu arada, onun keçən ilin yayında AFFA ilə bağladığı müqavilənin müddəti 3+1 illik nəzərdə tutulmuşdu.
Zatən milli komandanın nəticələri və oyunu AFFA rəhbərliyini, elə azarkeşləri də qane etmir. Azərbaycan yığması bu il keçirdiyi əvvəlki yoxlama matçlarının hər ikisində – Haiti (0:3) və Belarusla (0:2) görüşlərdə uduzub. Yoxlama oyunlarında və elə də güclü olmayan rəqiblərlə görüşlərdə belə bərbad nəticələr “qazanan” millinin sabah Fransa, Ukrayna kimi komandalar qarşısında cüzi də olsa şansının olmayacağını AFFA-da da anlayırlar. Federasiyada Portuqaliya millisi ilə Avropa çempionluğü qazanmış Santuşun uğurlu seçim olmadığını da anlayıblar. Onun millinin özündən əvvəlki bəzi məşqçiləri ilə müqayisədə Azərbaycana yetərincə sayğı ilə yanaşmasına, əksər vaxt çempionat oyunlarıni stadiondan izləməsinə və ölkənin himni səslənərkən əlini sinəsinə qoymasına baxmayaraq…
Bir sözlə, AFFA Macarıstanla oyunun nəticəsini gözləyib, millinin baş məşqçi postu ilə bağlı qərar verəcək.
Kürşad
Bizi Facebook-da izləyin



