AFFA rəsmisindən Nurlan İbrahimov məsələsi ilə bağlı açıqlama
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov “Qarabağ” klubunun sabiq mətbuat katibi Nurlan İbrahimova UEFA tərəfindən verilmiş cəzanı şərh edib.
Komanda.az xəbər verir ki, AFFA rəsmisi UEFA-nın çox ağır cəza verdiyini bildirib.
“Bu, təkcə irqçiliyə görə deyil, digər məsələlərə görə də idi. Başqa söz demək istəmirəm. İş apellyasiya məhkəməsindədir. Nə isə deməyim prosesə mənfi təsir edə bilər. Peşəkarlar bunun üzərində işləyirlər”.
Məmmədovun fikrincə, “Qarabağ”a kəsilən 100 min avroluq cərimə də həddindən artıq yüksəkdir:
“Bununla bağlı da UEFA-ya müraciət olunub”.
Nurlan İbrahimov ermənilərin Bərdədə törətdiyi terror aktının təsiri altında “facebook” səhifəsində düşmənə nifrət tonlu paylaşım etmişdi. UEFA İbrahimovu bu paylaşımına görə futboldan ömürlük kənarlaşdırmış, klubu 100 min avro cərimələmişdi.
Bizi Facebook-da izləyin