AFFA rəsmisindən milli üzvlərinə pul mükafatı verilməsi məsələsi ilə bağlı açıqlama
Futbol üzrə Azərbaycan milli komandasının Xorvatiya ilə AÇ-2020-nin seçmə mərhələ, Litva ilə yoxlama oyunundakı heç-heçəyə görə AFFA tərəfindən mükafatlandırıldığı haqda iddiaların olduğunu xəbər vermişdik.
Yayılan məlumata görə, AFFA tərəfindən Xorvatiya yığmasına səfərdə uduzan (1:2), Litva ilə Bakıda qolsuz heç-heçə edən millinin hər bir üzvünə 5 min manat mükafat verilib. Seçmə mərhələyə məğlubiyyətlə start verən milli komandanın mükafatlandırılması isə birmənalı qarşılanmayıb. Doğrudanmı, AFFA Xorvatiya səfərindən məğlub qayıdan futbolçulara pul mükafatı verib? Məsələ ilə bağlı assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullanın fikirlərini öyrəndik. Qurum rəsmisi Komanda.az-a açıqlamasında, mükafatın Litva ilə yoxlama oyununa görə verildiyini bildirdi:
“Mükafat Xorvatiya məğlubiyyətinə görə yox, Litva ilə heç-heçəyə görə verilib. Çünki bu, sistemli məsələdir, oyunun statusundan asılı olmayaraq, heç-heçə və qələbə üçün mükafat verilir. Nəzərə almaq lazımdır ki, AFFA milli komandanın futbolçularına hər hansı məvacib ödəmir, yalnız oyundan-oyuna (məğlubiyyət olmasa) mükafat verilir. Məbləğ barədə açıqlama verilmir”.
Bizi Facebook-da izləyin