AFFA-nın yeni “tamaşa”sı – Türk gəlir türklər tərəfindən söyülməyə?
Rəşad Ergün
Cüdo Federasiyasının prezidenti postundan kənarlaşdırılan (bəli, məhz kənarlaşdırılan) Rövnəq Abdullayevin başında durduğu AFFA Azərbaycan milli komandasının yeni baş məşqçisinin axtarışları üçün qollarını çırmalayıb. Artıq real namizəd də var – türkiyəli mütəxəssis Okan Buruk.
Birincisi, Burukun adının həm Türkiyə, həm də, Azərbaycan mediasında səsləndirilməsi ilk növbədə ondan xəbər verir ki, AFFA rəhbərliyi “bəh-bəh”lə millinin “sükanı arxasına” gətirdiyi italiyalı Canni De Byazi ilə yolları ayırmağa hazılaşır. DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisi ilə qrupda cəmi bir xal qazana bilən De Byazini saxlamağın mənasız olduğunu, federasiyanın ünvanına artan təhqir və tənqidləri azaltmayacağını AFFA-da yaxşı bilirlər. Bu üzdən də, kütlə üçün yeni “tamaşa” lazımdır.
Azərbaycanda futbol, milli komandalar elə bir vəziyyətdədir ki, bura gələn baş məşqçilərin karyerası, əvvəllər hansı uğurlara imza atması heç bir önəm daşımır. Buna ən yaxşı nümunə elə Canni De Byazinin özüdür. Albaniya millisi ilə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmış italyan Bakıya gələndə nə vədlər verirdi, yadınızda olar. Ancaq nə oldu? De Byazi “gəlmişdi kabab iyinə, gördü eşşək dağlayırlar”. Potensialına görə bizə az-çox yaxın olan Albaniya millisiylə uğur qazanan biri Bakıdan suyu süzülə-süzülə qayıdırsa, deməyə çox söz yoxdur.
Yəni… “Elazığspor”, “Qaziantepspor”, “Sivasspor” , “Göztəpə”, “Akhisar Bələdiyyəspor”, “Rizəspor” kimi klublarda baş məşqçi olaraq ikinci ilini görməyən, ya qovulan, ya da istefa verən Okan Burukun “Başakşəhər”i 2019-2021 mövsümündə Türkiyə çempionu etməsi də indiki məqamda bizim üçün boş statistikadan başqa bir şey deyil. Buruk yok, vaxtı ilə hocası olmuş Fatih Terim də gəlsə, Azərbaycan milli komandası Rövnəq Abdullayev, Elşad Nəsirov, Elxan Məmmədov triosu ilə heç nəyə nail ola bilməz. Bunu geridə qalan illər göstərir. Bunu Berti Foqts, Robert Prosineçki, Qurban Qurbanov, Nikola Yurçeviç, Canni De Byazi nümunələri göstərir.
AFFA rəhbərliyinə indi vaxt lazımdır. Artıq DÇ-2022-nin seçmə mərhələsi başa çatmaq üzrədir. Növbəti seçmə mərhələ isə böyük bir zaman deməkdir. AFFA-ya da bu zaman üçün yeni “tamaşa” lazımdır. O “tamaşa”nın əsas aktyoru – baş məşqçi isə elə biri olmalıdır ki, kütlənin, futbol ictimaiyyətinin başını qata bilsin. Açığı, De Byazi bu baxımdan çox da uğurlu olmadı. Həm uğursuz nəticələr, həm də, mətbuat konfranslarında “dişsiz” açıqlamaları AFFA rəhbərliyini çətin ki, qane etsin.
Okan Buruk AFFA-nı qane edə biləcək biridirmi? Burda əsas məsələ Okanın milli kimliyi, türk olmasıdır. Okanın Foqtsun, Prosineçkinin, Qurbanovun, De Byazinin bacarmadığını bacarıb, “şikəst” Azərbaycan millisiylə uğur qazanmayacağını yəqin hətta futbol matçında meydanda neçə futbolçu olduğunu bilməyən Rövnəq Abdullayev də bilir. Amma Okan Buruk türkdür, eynən Azərbaycan türkləri kimi. Azərbaycan türklərinin Türkiyəni necə sevdiyini AFFA-nın rusdilli rəsmiləri də dərk edir. Xüsusən, ikinci Qarabağ müharibəsindən sonra iki ölkə arasında bağların daha da möhkəmləndiyini Elxan Məmmədov kimi fürsətcil işbazlar gözdən qaçıra bilməz. Vəssalam, daha bir “tamaşa” üçün ssenari hazırdır – Azərbaycan türkləri ya millinin “sükanı arxasındakı” türkü sevəcək, ya da… söyəcək. Hər iki hal AFFA-ya sərf edir. Təki onları hələ bir müddət də vəzifələrindən atmasınlar.
Bu arada, Türkiyə və Azərbaycan mediası milli komanda üçün əsas seçimin Okan Buruk olduğunu yazsa da, Komanda.az-ın əldə etdiyi məlumata görə, yığmanın “sükanı arxasına” keçməyə real namizədlərdən biri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovdur. Hətta bizə verilən məlumata görə, AFFA rəhbərliyi Okan Buruk, ya da başqa bir namizədlə Sadıqovla görüşəndən sonra təmasa keçəcək. Yəni Rəşad Sadıqov planı baş tutmasa, onda millinin “sükan”ı yenə əcnəbiyə tapşırılacaq. Bir sözlə, federasiyanın De Byazidən sonrakı dönəm üçün namizədlər siyahısında Sadıqovun adı öndədir.
Bir şey dəqiqdir ki, AFFA-nın indiki rəhbərliyi ilə işləməyi qəbul edən istənilən məşqçi özünü oda atacaq, mətbuatın tənqid obyektinə çevirəcək. Qurban Qurbanovun başına gətirilənləri bəlkə də, Okan Buruk bilməyə bilər, lakin Rəşad Sadıqov və başqa yerli məşqçilər unutmamalıdır.
Bizi Facebook-da izləyin