AFFA-nın yeni baş məşqçisi və… Tarazlığın pozulması
Rəşad Ergün
AFFA-nın yeni rəhbərliyi işə “köhnələr”in səhvini təkrarlamaqla başladı.
70 yaşlı Fernandu Santuş Azərbaycana, Azərbaycan futboluna, Azərbaycan millisinə nə verə, nə qazandıra bilər?
Yox, əslində, məsələ təkcə yaş da deyil. Çox uzaq tarix deyil ki, bir müddət əvvəl “Atalanta”nın 66 yaşlı qocaman baş məşqçisi Canpyero Qasperini 43 yaşlı Xabi Alonsoya Avropa Liqasının final matçında futbol dərsi keçmədimi?
Hə, məsələ təkcə yaş deyil. Məsələ tarazlığın pozulmasıdır. Fernandu Santuş Kriştiano Ronaldolu, Bernardo Silvalı, Pepeli Portuqaliya millisi ilə Avropa çempionu olub. Adamın böyük uğuru, adı, karyerası var. Bəs, Azərbaycan millisinin nəyi var? Dünyada və Avropada heç kimin tanımadığı futbolçuları, qrup sonuncusu olmaq, bəxti gətirəndə, sonuncudan əvvəlki pilləni tutmaq kimi “şakər”i var. Vəssalam, şüttəmam. Bax, tarazlıq burda pozulur. Eynən, Almaniya millisini Avropa çempionu edən, Azərbaycan yığmasını “ağ gün”ə çıxarmaq üçün gətirilən həmin o Berti Foqtsda olduğu kimi.
AFFA-nın yeni rəhbərliyi “köhnələr”in səhvlərindən, Berti Foqts nümunəsindən necə dərs çıxarmaya bilər, heyrətlər içindəyəm.
Axı, sənin Fernandu Santuşun məşqçilik kimliyinə dəng gələn milli komandan, futbolçuların yoxdur, ay… AFFA rəhbərliyi!
Santuşun ömrünün son gününə kimi nəvələrinə, nəticələrinə danışa biləcəyi bir hekayəsi var: Avropa çempionluğu. Bundan sonrası təfərrüatdır, vaxt keçirməkdir və qoca vaxtında pul qazanmaq imkanını əldən verməməkdir.
Rövşən Nəcəfli AFFA elə ilk imtahandaca “sinifdə qaldı”. Bundan sonrası bu günə qədər olanların, yaşananların dejavüsü olacaq. Berti Fostla Azərbaycan futbolu, Azərbaycan millisi, Azərbaycan mətbuatı arasında yaşananları təkrar-təkrar yaşayacağıq. Sadəcə, adlar dəyişib: Berti Foqtsu Fernandu Santuş, Rövnəq Abdullayevi Rövşən Nəcəf əvəzləyib.
Bizi Facebook-da izləyin