AFFA-nın vitse-prezidenti De Byazini gözlədiklərini deyib, Əsədovu haqsız çıxardı – AÇIQLAMA
Futbol üzrə Azərbaycan milli komandasının AÇ-2024-ün seçmə mərhələsində qeydə alınan nəticələri ilə bağlı söz-söhbətlər, narazılıqlar səngimək bilmir. Yığma komanda Avstriya ilə matçda 1:4, İsveçlə qarşılaşmada isə 0:5 hesabı ilə uduzub.
Mövzu ilə bağlı AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov Komanda.az-a açıqlama verib. Federasiya rəsmisi yığmanın heyətində itkilərin olduğunu diqqətə çatdırıb və bu səbəbdən, əvəzetmələr üçün layiqli futbolçuları tapa bilmədiklərini deyib:
“Problemi görə bilsəydik, həllini də tapa bilərdik. Səfərə çıxmamışdan qabaq hamımız çox ümidli idik. Yığmamızın həmin məğlubiyyətlərdən öncə qeydə alınan performansına görə, meydanda mübariz komanda və sərfəli nəticə görmək istəyirdik. Ümidlərimiz çoxdur və inamımız böyükdür. Hazırda Azərbaycan Premyer Liqasının səviyyəsi get-gedə artır. “Qarabağ”ın avrokuboklardakı uğurlu çıxışı, milli komandanın 5 oyunluq qələbə seriyası gələcəyə ümidlə baxmağa zəmin yaradır. Lakin yığmanın AÇ-2024-ün seçmə mərhələ oyunlarında aldığı məğlubiyyətlər hamımızı məyus etdi. Çoxlu suallar ortaya çıxır. Onlardan biri də budur: “Milli komandamızda nə çatışmırdı?”
Mən həmişə deyirəm ki, vacib olan amillərdən biri keyfiyyətli oyunçuların çox olmasıdır. Heyətimizdə bəzi itkilər var idi. Demək olar ki, əvəzetmələr üçün layiqli futbolçular tapa bilmədik. Bəlkə də, bu, subyektiv səbəblərdən biridir. Obyektiv səbəblər tapmaq üçün müzakirələrə ehtiyac var. Ən vacib olan həmişə çıxış yolunu tapacağımıza və milli komandanın bizi sevindirəcəyinə inamın olmasıdır”.
Vitse-prezident “AFFA Canni de Byaziyə güvənməyə davam edirmi” sualını belə cavablandırıb:
“Hazırda Canni de Byazi vətənindədir. Onun İtaliyadan qayıtması gözlənilir. Onunla bağlı hesabat dinləniləcək və daha sonra fikir söyləmək mümkün olacaq. Bu məsələ ilə bağlı son durum belədir”.
Futbol üzrə Azərbaycan yığmasının məşqçisi Arif Əsədov açıqlamasında millidə mübarizə aparan oyunçuların fiziki cəhətdən çatdırmadığını bildirmişdi. Vaqif Sadıqov bununla bağlı belə deyib:
“Arif Əsədovun açıqlamasından və ona verilən cavablardan xəbərim var. Bəlkə də, bunlarla razılaşmaq olar. Bu məsələnin kökü 90-cı illərə dayanır. Həmin vaxt bildirirdik ki, biz 60-70 dəqiqə futbol oynaya bilirik. Əsədov tam fərqli fikir dilə gətirmək niyyətində idi. Əslində, o, belə demək istəyirdi: ölkə çempionatında çıxış edən futbolçulara qarşı oyunçularımız 90 dəqiqə mübarizə aparmağa hələlik hazır deyil. Yenə də deyirəm, dəqiq cavab vermək üçün ilk növbədə milli komandanın məşqçi heyətinin hesabatını dinləməliyik. Daha sonra fikir söyləmək mümkün olar. Bir şeyi yaddan çıxarmayaq ki, 5 oyunluq qələbə seriyası qazandığımız zaman hamı bildirirdi ki, futbolçular yaxşı idman formasında olduğu üçün milli komanda uğura imza atır. Hazırda tam fərqli fikirlər söylənilir. Bunun nə dərəcədə düzgün olduğunu mən deyə bilmərəm. Hazırda kimisə günahkar çıxarmaqdansa, çıxış yolu tapmaq daha vacibdir”.
Sadıqov “Qarabağ”ın avrokuboklardakı çıxışını da dəyərləndirib:
“Milli komanda klublardan gələn futbolçularla təşkil olunur. Onlarla fərdi, ümumi söhbətlər edən, vahid qərar verən məşqçilər heyəti olur. Oyunçuların fiziki durumu ilə bağlı daha çox məlumatı da məhz onlar bilir. Yenə də deyirəm, bizim milli çempionatımızın səviyyəsi artıb. “Qarabağ” Avropada əməlli-başlı səs sala bilir və Avropa klubları ilə sona qədər, başabaş mübarizə aparır.
Milli komandamızın qələbə qazandığı oyunlarda fiziki durumdan şikayət edilməyibsə, necə olur ki, bir aydan sonra biz hansısa fiziki durumdan şikayətçi ola bilək? Ağır məğlubiyyətlərdən sonra hansısa bəhanələrə əl atılır. Mən istəməzdim ki, kimsə kimisə günahlandırsın. Poblem varsa, onu bir yerdə həll etməyi bacaraq”.
Rövşən Əlisoy
Bizi Facebook-da izləyin