AFFA-nın “ordu”su Qurban Qurbanova hücum edəcək?
Natiq Muxtarlı
“Əfsus ki, futbolda ildən-ilə geriyə doğru addım atırıq. Aşağı yaş qruplarında düzgün idarəçilik olmalıdır. Aşağıları düzəltməsək, bizi qarşıda yaxşı heç nə gözləmir. Hədəfə çatmaq üçün qaydaya salınmalı işlər var. Çox geridə qalmışıq və bu baxımdan mən futbolumuzdan yaxşı heç nə gözləmirəm. Vaxtilə Avropa 5 addım irəli gedirdisə, biz 1 addım irəliləyirdik. İndi onlar 5 addım irəlilədikcə, biz 1 addım geriləyirik”.
Oxucu elə bilər ki, bu fikirlər ya Rəşad Ergünə, ya da Natiq Muxtarlıya məxsusdur. Nöşün ki, biz, yalan olmasın, 14-15 ildir ki, bu fikirləri deyirik, yazırıq, təkrarlayırıq. Day özümüz yazmaqdan, oxucular da oxumaqdan beziblər.
Amma yox, bizə məxsus deyil bu fikirlər. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib bunları. Təsəvvür edirsiz, rəhbərlik etdiyi komanda ardıcıl 8 il avrokubokların qrup mərhələsində oynayan bir mütəxəssis deyir ey bunu. Yəni adam Azərbaycan reallığında nəhəng uğur qazanıb. Amma bilir ki, bu uğur bütövlükdə Azərbaycan futboluna şamil oluna bilməz. Bilir ki, bu uğur Azərbaycanda futbolun inkişafını stimullaşdırmır. Çünki bu inkişafın qarşısını alan qüvvələr daha güclüdürlər. O qüvvələrin yerini də nişan verib Qurban Qurbanov. AFFA-dadır onlar.
Heç şübhəniz olmasın, Qurban Qurbanovun bu fikirləri kürkünə birə salıb onların. Artıq onun dedikləri Parisə çatdırılıb. Böyük ehtimalla, oradan cavab gözləyirlər. Cavab gəlsə ki, hücum edin, onda AFFA-nın “ordu”su hərəkətə keçəcək. Qurban Qurbanova qarşı. Qəti narahat olmayın, Qurban Qurbanov, AFFA-nın “ordu”su sizə daş ata bilər, amma sizə atılan daş elə göy üzünə atılan daş kimi olacaq. Öz başlarına düşəcək o adamların. Qoy atsınlar. Amma hələ Parisdən cavab gəlməlidir…
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin