AFFA-nın ofsaydda saxladığı məşqçilər
Abdulla İsmayıloğlu
“Komandada çox dəyişiklik etdik, gəncləri cəlb etdik. Komandanın oyununda inkişaf görürəm. Bu dövrdə 15 nəfərdən çox oyunçu millidə debüt etdi. Öz təcrübəmi maksimum dərəcədə oyunçulara başa salmağa çalışdım”.
Canni De Byazi
İtaliyalı Canni De Byazi Azərbaycan millisinin “sükanı arxasına” keçdikdən sonra onun maksimum “təcrübə”si, “səmərəli oyunları” ilə ölkənin bir nömrəli komandası 20 oyunda 2 qələbə (hər ikisi yoxlama oyunlarında), 6 heç-heçə (5-i yoxlama oyunlarında), 12 məğlubiyyət və seçmə mərhələdə cəmi 1 xal toplamaqla mövsümə yekun vurdu. Bu göstərici ilə Byazi sələfi Nikola Yurçeviçin nəticəsini təkrarlamış oldu. Amma xorvatiyalı sələfindən fərqli olaraq, italiyalı özünün “başucalığı” üçün qeyd edə bilər ki:
– Ölkə çempionatında klubların sayı azdır, ona görə də, futbolçu seçimlərimiz məhduddur;
– Mənim rəhbərliyim zamanı komandada xeyli sayda futbolçular, o cümlədən gənclər debüt etdi;
– Emin Mahmudov mənim sayəmdə əla formadadır;
– Özümüzdən güclü komandaların yer aldığı qrupa düşmüşdük, lakin buna baxmayaraq mübarizə apardıq, qollar vurduq;
– Qızıla bərabər olan bir xalı mən evdə qorxaq futbol oynamaqla yox, səfərdə yaradıcı futbol oynamaqla qazanmışam.
Byazi yuxarıdakı ifadələrlə qürrələnə bilərsə, o zaman 1992-ci ildən Azərbaycan millisinin “sükanı arxasında” olmuş, əsas da, italiyalıdan daha üstün nəticələr göstərən yerli mütəxəsislərin qürrələnməyə daha çox haqqı var. Məsələn, Kazbek Tuayev qürurla belə deyərdi: “Mənim rəhbərliyim altında Azərbaycan millisi ilk rəsmi qələbəsini qazanıb”. Mərhum Əhməd Ələsgərov yaşasaydı, deyərdi: “Mən dünya ulduzlarının toplaşdığı Portuqaliya millisi ilə açıq futbol oynamış, onlardan bir xal qopararaq, Bakıdan başıaşağı yola salmışam”. Əsgər Abdullayev xatirələrini yada salsa, deyərdi: “Mən millinin baş məşqçisi olanda seçmə mərhələdə özümüzdən qat-qat güclü Serbiya və Çernoqoriya yığmasını hər iki oyunda büdrədərək 4 xal topladıq”. Şahin Diniyev söyləyərdi ki, “İki illik baş məşqçiliyim zamanı millidə gəncləşdirmə siyasəti apardım, əcnəbiləri milliləşdirərək döyüşkən kollektiv yaratdım, Finladiya üzərində Bakıda tarixi qələbə qazandım, qrupda 5 xal topladım”.
Həqiqətən də, adları çəkilən yerli məşqçiləri italiyalı ilə yan-yana qoysaq, yığmadakı nailiyyətləri ilə onu ofsaydda saxlayarlar. Kimin buna şübhəsi varsa, indiki millinin sərgilədiyi oyuna, nəticələrinə, FİFA reytinqindəki yerinə də baxsın, adları çəkilən məşqçilərin fəaliyyəti dövründəki statistikalara da.
Bu gün Byazi populistliklə deyə bilər ki, gənc və perspektivli futbolçuları yığmaya cəlb edirəm. Amma reallıqda, bu gün Cəlal Hüseynov, Rauf Hüseynli, Mehrac Baxışlı, Rövlan Muradov, Nicat Mehbalıyev, Rüfət Əhmədov, Rüfət Abdullazadə, Ruslan Hacıyev, Turan Manafov kimi gənc və perspektivli futbolçuları yığmaya, Azərbaycan futboluna qazandıran Rəşad Sadıqov, Elmar Baxşıyev, Ayxan Abbasov, Aftandil Hacıyev kimi yerli məşqçilərdir. Adı çəkilən yerli mütəxəsislər bu gün ölkə futbolu üçün daha çox işlər görür, nəinki AFFA rəhbərliyi.
İllərdir AFFA-nın apardığı “islahatlar”ın fonunda, son iki seçmə mərhələdə də Yurçeviç-Byazi cütlüyünün macərasının toruna düşən Azərbaycan millisi 1 xalla nicat tapdığı halda, bir zamanlar qapazaltı etdiyimiz Latviya və “cırtdanlar” – Andorra, Malta, Farer adaları kimi yığmalar öz qruplarında güclü rəqibləri ilə keçirdiyi matçlarda gözoxşayan oyunları, topladıqları xalları ilə (bizdən çox) yalnız sensasiyalar etmir, həm də, ilbəil inkişaflarını nümayiş etdirirlər. Onu da vurğulayım ki, Latviya ilə Andorra millilərinin baş məşqçiləri gənc, yerli mütəxəssislərdir.
Beləliklə, AFFA-nın həyata keçirdiyi “islahatlar” sayəsində hələ bir çox perspektivli gənc mütəxəssis ofsaydda qalacaq. Əsas odur, Byazi öz “başucalığ”ı üçün bayağı, populist çıxışlar etsin, AFFA rəhbərliyi də buna tolerant münasibət bəsləsin. Bu mənzərə meyxanaçı Aqşin Fatehin bir mahnısındakı “Sən mənim kaprizlərimə dözginən, mən də sənin kaprizlərinə göz yumum” ifadəsini xatırladır. Görünür, AFFA rəhbərliyi ilə Byazi də mahnıdakı kapriz kompromisini yaxşıca mənimsəyiblər. Sən isə ildırım sürəti ilə uçuruma yuvarlanmaqda ol, Azərbaycan millisi!
Bizi Facebook-da izləyin