Elxan Məmmədov “Qarabağ”la “Qəbələ”nin uğurlarını öz adına çıxdı

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Avropa çempionatının Bakıda keçiriləcək oyunları ilə bağlı açıqlama verib.

Komanda.az “thesun.co.uk” saytına istinadən xəbər verir ki, Məmmədov, yerli azarkeşlərin Bakıda keçiriləcək oyunlarda Türkiyə yığmasına dəstək olacağını bildirib. AFFA rəsmisi bundan başqa, Azərbaycan yığması ilə bağlı arzusundan da danışıb. Maraqlıdır ki, Elxan Məmmədov “Qarabağ”la “Qəbələ”nin uğurlarında AFFA-nın payı olduğuna işarə edib:

“Azərbaycan millisinin böyük turnirlərdə iştirak etməsi mənim arzumdur. İndiyə qədər fərdi idman növləri üzrə müxtəlif uğurlarımız var. Güləş, cüdo, karate, şahmatda nailiyyətlərimiz var. DÇ-1966-nın final matçını idarə edən hakim Tofiq Bəhramov da azərbaycanlı olub. Onun nəvəsi son vaxtlara qədər bizimlə AFFA-da işləyib.

Futbol üzrə Azərbaycan milli komandasının da böyük turnirlərin əsas mərhələlərində mübarizə aparması üçün çalışır və buna nail olmaq istəyirik. Avrokuboklarda mübarizə aparan “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin uğurları ilə bunun təməlini atırıq. Düşünürəm ki, Azərbaycan yığmasını tezliklə Avropa çempionatında görmək mümkün olacaq”.

AÇ-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button