Elxan Məmmədov: “Azərbaycanın futbolda layiqli yer tutduğunu nümayiş etdirdik”
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov açıqlama verib.
Komanda.az xəbər verir ki, federasiya rəsmisi, AÇ-2020-nin Bakıda keçirilən oyunları haqda danışıb:
“Turnir təbiətcə bənzərsiz idi. Avropanın 11 şəhəri ən uyğun olmayan məqamlardan birində yarışa ev sahibliyi etdi. Stadion tutumu və koronavirusla bağlı səyahət məhdudiyyətlərinin Bakıdakı tamaşanı çətinləşdirdiyi həqiqət olsa da, yarışın müsbət tərəflərinə nikbinliklə baxmağa yerimiz var. 2019-cu ildəki Avropa Liqasının final matçından sonra ölkəmiz bir daha Avropa futbolunun diqqət mərkəzinə düşdü. Elit səviyyəli rəqabəti ölkəmizə gətirməyin yerli azarkeşlər və Azərbaycan xalqı üzərində təsirini qeyd etməmək olmaz. Azərbaycanın futbolda layiqli yer tutduğunu nümayiş etdirdik və ümid edirik ki, bu, yerli idmançılarımıza stimul verəcək.
Yaxın gələcəkdə azarkeşləri Azərbaycanda yenidən salamlamaq üçün beynəlxalq idman təşkilatları ilə əməkdaşlığı davam etdirəcəyimizə ümid edirik. AFFA Danimarka, Çexiya, Türkiyə, İsveçrə və Uels kimi yığmaların iştirakı ilə matçları Bakıda qəbul etməkdən tamamilə məmnundur. Beş ölkənin azarkeşləri öz komandalarını dəstəkləmək üçün Bakı küçələrinə çıxdılar. Bu, turnir ərzində əla futbol festivalı oldu.
Möhtəşəm anlar azarkeşlərin yaddaşında uzun müddət qalacaq. Məsələn, 1/4 finalda Danimarkanın parlaq hücum futbolu. Bu anlar ölkəmizdə futbola olan sevgini oyatdı və 2025-ci ilədək futbol layihəmizi tanıtmaqda mühüm rol oynayacaq”.
Bakı Olimpiya Stadionu A qrupunun Uels – İsveçrə (1:1), Türkiyə – Uels (0:2) və İsveçrə – Türkiyə (3:1) oyunlarına, həmçinin 1/4 final mərhələsinin Çexiya – Danimarka (1:2) matçına ev sahibliyi edib.
Bizi Facebook-da izləyin