AFFA-nın hazırladığı “cəhənnəm”

Cəmi 5 turdan sonra Azərbaycan Premyer Liqasında mövsüm başa çatacaq. Artıq avrokuboklara gedəcək iki klubun adı məlumdur – “Neftçi” və “Qarabağ”. Bu komandalardan hansının Azərbaycanı Çempionlar Liqasında, hansının Avropa Liqasında təmsil edəcəyinə isə qarşıdakı 5 turda aydınlıq gələcək. Amma Azərbaycanı avrokuboklarda təkcə bu iki komanda təmsil etməyəcək, əlavə iki klub da yayda Avropa macərası yaşayacaq.

“Qarabağ”la “Neftçi” avrokuboklara hazırdır?

Son illərdə Azərbaycan Avropa meydanlarında uğurla təmsil olunub ki, bunda da əsas yük “Qarabağ”ın üzərinə düşüb. “Köhlən atlar” mütəmadi olaraq Avropa Liqasının, bir dəfə də Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparıb. Qurban Qurbanovun komandası son mövsümdə Avroliqanın qrup mərhələsində çıxış etdi. Və bu dəfə Ağdam təmsilçisinin çıxışı çoxunu razı salmadı. Söhbət təkcə qrup mərhələsində cəmi 3 xal toplamaqdan yox, göstərilən oyundan da gedir. Görünür, Qurbanov da komandasının Avropa Liqasındakı çıxışından razı qalmamışdı ki, qış fasiləsində “köhnə qvardiya”nın üzvləri – Riçard Almeyda ilə Reynaldo geri qaytarıldı. Amma bu gün bir şey aydındır ki, nə Almeyda, nə də Reynaldo əvvəlki kimi komandanı arxalarınca aparacaq səviyyədə deyil. Xüsusilə, Reynaldo. İlin az qala yarısını zədəli və formasından uzaq şəkildə keçirən “sambaçı”ya çox da bel bağlamaq olmaz. “Qarabağ”a mütləq qol vurmağı bacaran hücumçu lazımdır. Ən azı Dino Ndlovu səviyyəsində.

“Neftçi” ilə bağlı vəziyyət isə bir az qarışıqdır desək, yanılmarıq. “Ağ-qaralar”ı Avropada sonuncu dəfə Macarıstan “Uypeşt”inə biabırçı hesabla uduzan (0:4) görmüşük. Ondan sonra “neftçilər”i ancaq Azərbaycan Premyer Liqasında izləmək imkanı olub. “Sumqayıt”a, “Zirə”yə, “Keşlə”yə qarşı oyunlar bir komandanın əsl gücündən xəbər verə bilərmi? Hə, komanda hazırda turnir cədvəlində “Qarabağ”la birgə liderliyi bölüşür. Amma bu da “Neftçi”nin avrokubok macərasına hazır olduğu anlamına gələ bilməz. “Ağ-qaralar” belə desək, avrokuboklarda qələbə qazanmağı yadırğayıb. Məhz bu, Roborto Bordinin komandasına problem yaradan amillərdən biri ola bilər.

Digər məsələ isə “Qarabağ”la “Neftçi”dən hansının Çempionlar Liqasında, hansının Avropa Liqasında mübarizə aparacağıdır. ÇL-də çıxış etmək mərhələ adlamaq, avrokuboklardakı yolun daha uzun olacağı anlamına gəlir. Avropa Liqasında isə bu şans daha azdır. Üstəlik, son mövsümdən etibarən avrokuboklarda bizim kimi kiçik futbol ölkələri üçün mərhələ adlamaq xeyli çətinləşdirilib. Beləliklə, dəqiq bilinən bir şey var: “Qarabağ” üçün də, “Neftçi” üçün də bu yay çox çətin keçəcək.

Dəsmal çıxarın, ağlayın

“Neftçi” və “Qarabağ”la bağlı məsələ aydındır, bəs Azərbaycanı avrokuboklarda təmsil edəcək digər iki klub hansı olacaq və ya olmalıdır? Bax, burda Kərəmi ağlamaq tutur. Turnir cədvəlinə baxanda, Avropa Liqasına getməyə ən yaxın komandalar “Səbail”lə “Qəbələ”dir. Ölkə kubokunu nəzərə aldıqda isə, “Zirə” ilə “Sumqayıt”dan birinin bu yay ölkəmizi Avropa Liqasında təmsil etmək şansının olduğu görünür. Çox azdır, amma hər halda, o şansları var. Ancaq dərd burasındadır ki, bu komandalardan heç biri avrokuboklara hazır deyil. “Qəbələ” mövsümü ümumiyyətlə bərbad keçirir. Sənan Qurbanovun “qırmızı-qaralar”ı əvvəlki gücünə və şöhrətinə qaytaracaq potensialda olmadığı aydın səmada parlayan günəş kimi adamın gözlərini “qamaşdırır”. “Səbail” də elə “Qəbələ”nin günündədir desək, yanılmarıq. Maykl Essyen kimi keçmişin böyük ulduzunu transfer edən Bakı klubu qeyri-sabit çıxış edir. Məsələn, son turda debütant “Sabah”a 1:3 hesabı ilə, bir neçə tur əvvəl “Zirə”yə 0:2 hesabı ilə uduzan komandanın Avropa Liqasında nə işi var? Amma işin gülməli tərəfi bilirsiz nədir? Bu komanda Azərbaycan Premyer Liqasında 3-cü pillədə qərarlaşır! Baxmayaraq ki, “Səbail”i 3-cü pilləyə aparan yolda əldə etdiyi bir neçə texniki qələbənin də rolu olub.

“Zirə” ilə “Sumqayıt”dan danışmağa isə heç dəyməz. 23 tura 20 xal toplayan (“Zirə”) və ya 23 tura gücənə-gücənə 20 xal qazanan (“Sumqayıt”) Avropaya gedib, kərəni kürə edəcək?

Bütün məsuliyyət AFFA-nın üzərindədir!

AFFA-nın bərbad siyasətinin nəticəsində məhəllə çempionatına çevrilən Azərbaycan Premyer Liqasında elə bir komanda yoxdur ki, əminliklə “bu klub avrokuboklara getməyə layiqdir, tam hazırdır” deyə biləsən. “Qarabağ”ı desən, “köhlən atlar” əvvəlki kimi əzəmətli görünmür. “Neftçi”ni desən, “ağ-qaralar”ın nə oynadığı, əsl gücünün nə olduğu bilinmir. Bəlkə “Səbail”lə “Qəbələ”? Adamı güldürməyin…

Gözləyək, görək AFFA-nın “şikəst” etdiyi çempionatdan çıxıb Avropaya gedənlərin aqibəti nə olacaq. Biz sadəcə, indiki duruma baxaraq proqnoz veririk. Proqnoz veririk ki, bu yay Azərbaycan klubları üçün cəhənnəm istisinə çevrilib, yandıracaq.

Kürşad

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button