AFFA “Neftçi”nin bir istəyini təmin etdi, digər cəzanı qüvvədə saxladı
AFFA Apellyasiya Arbitraj Tribunalı “Neftçi”nin prezidenti Kamran Quliyevin cəzasını azaldıb.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qurum klubun şikayətini qismən təmin edib.
Azərbaycan kubokunda 3-ü şərti olmaqla 5 oyunluq diskvalifikasiya qərarı 4-ü şərti olmaqla 5 matçlıq cəza ilə əvəzlənib.
Xatırladaq ki, Kamran Quliyev Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Turan Tovuz”la səfər matçının (0:1) fasiləsi zamanı stadionun tunelinə daxil olaraq, rəsmi şəxslərə qarşı işlətdiyi ifadələrə görə cəza alıb.
Apellyasiya Arbitraj Tribunalı “Neftçi”nin keçmiş futbolçusu Cavidan Rəhimli ilə bağlı qərarı isə qüvvədə saxlayıb:
- Cavabdeh “Neftçi” Peşəkar Futbol Klubu tərəfindən verilmiş Apellyasiya şikayəti təmin edilməsin.
- Oyunçuların Statusu və Transferi Komitəsinin 6 mart 2023-cü il tarixli qərarı qüvvədə saxlanılsın.
- Qərarın icrası ilə əlaqədar olaraq cavabdeh tərəfindən iddiaçı Cavidan Rəhimliyə ödənilmiş 1100 AZN nəzərə alınsın və ödənilməmiş qalan 8800 AZN pul vəsaiti cavabdeh tərəfindən iddiaçıya ödənilsin.
Xatırladaq ki, vaxtilə “Neftçi-2”nin sıralarında olmuş Cavidan Rəhimli müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün klubdan AFFA-ya şikayət etmiş və paytaxt təmsilçisi günahkar hesab olunmuşdu.
Bizi Facebook-da izləyin