AFFA Nazim Süleymanovun təşkilatı ilə bağlı bəyanat yaydı
Veteran futbolçu Nazim Süleymanovun sədri olduğu AFFA Azad Həmkarlar İttifaqı adlanan təşkilat yaradıldığını xəbər vermişdik.
Komanda.az xəbər verir ki, AFFA bununla bağlı bəyanat yayıb. Federasiyanın yaydığı bəyanatda yeni qurumun qanunsuz olduğu bildirilib:
“Bəyan edirik ki, bu təşkilatın adında “AFFA” adından istifadə edilməsinə baxmayaraq, adı çəkilən təşkilatın AFFA və ya onun işçilərinə (indiki və ya keçmiş) hər hansı aidiyyatı yoxdur.
Belə ki, “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən “Həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və bu Qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır”.
Həmin Qanunun eyni maddəsində “işçi” dedikdə “əmək qanunvericiliyinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontraktı) bağlayaraq əmək fəaliyyətini yerinə yetirən fiziki şəxs başa düşülür” kimi müddəa yer almışdır. Bildirmək istərdik ki, qeyd edilən və özünü həmkarlar ittifaqı təşkilatı adlandıran təşkilatın mətbuatda adları hallandırılan təsisçilərindən heç biri heç vaxt AFFA ilə əmək münasibətlərində olmamışdır.
Bunu nəzərə alaraq, “AFFA” adından istifadə etməklə bu cür həmkarlar ittifaqının təsis edilməsi “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununa ziddir”.
Bizi Facebook-da izləyin