“AFFA nə istədiyini özü bilmir” – MÜSAHİBƏ

AFFA Azərbaycan futbolunun inkişafı ilə bağlı yeni strategiya hazırlayır. Artıq bununla bağlı futbol adamları ilə bir neçə dəfə görüşlər də təşkil olunub. Azərbaycan milli komandasının UEFA Millətlər Liqasında keçirdiyi dörd oyunun hamısında uduzmasından sonra federasiyaya yönələn tənqidlərin sayı və kəsəri artıb. İndi heç kimin yadına strategiya, inkişaf planları düşmür. Amma hər halda, söhbət ölkə futbolunun gələcəyindən gedirsə, bunu diqqətə almamaq olmaz.

AFFA-nın yeni futbol strategiyasının hazırlanması yönündə təşkil etdiyi son görüşə keçmiş FİFA referisi, “Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanov da dəvət alıb. Tahir bəylə elə bu mövzuda söhbətləşdik:

– AFFA yeni futbol strategiyasının hazırlanması üçün artıq bir neçə görüş təşkil edib. Bildiyimə görə, sonuncu görüşdə siz də iştirak etmisiz. Müzakirələrə qatılmısız, Azərbaycan futbolu üçün yaxşı gələcək vəd edən nəyinsə əsasının qoyulduğunu demək olar? Şəxsən siz özünüz buna inanırsız?

– AFFA inkişaf strategiyasının hazırlanması üçün iki xarici şirkətlə əməkdaşlıq edir – “Double Pass” və “McKinsey”. Birinciləri təmsil edən belçikalılar futbol sahəsinə cavadehdirlərsə, ikincilər infrastruktur, maliyyə məsələlərində söz sahibidirlər. İcraiyyə Komitəsinin məlum qərarından sonra aylar itirildi, operativlik göstərilmədi. İşlərin düz getmədiyini gördükdə, xeyli müddət keçdikdən sonra AFFA öz üzlərinə, səsvermə hüququna malik dolayı üzvlərə, klublara, ümumilikdə, futbol ictimaiyyətinə müraciət edərək, təklif və rəylərin verilməsini istədi. Gecikmiş addım idi, qərar qəbul edildikdən dərhal sonra həyata keçirilməli idi. Buna baxmayaraq, tənqidlər üzərində deyil, pozitiv yanaşaraq, öz təkliflərimizi rəsmi şəkildə AFFA-ya göndərdik. Dəqiq məlumdur ki, bəzi üzv qurumlar və klublar prosesə biganə yanaşıb, heç bir təklif irəli sürməyiblər. Bu amil bir daha sübut edir ki, federasiya qarışıq, öz strukturlarında vəziyyət nə yerdədir. Bizimlə görüş istəkdən daha çox, məcburiyyətdən irəli gəlirdi. İcraiyyə Komitəsinin son iclasında inkişaf strategiyası ilə bağlı müzakirələrdə ən dolğun təkliflərin biz tərəfdən irəli sürüldüyü qeyd edilərək, əlavə görüşlərin keçirilməsi tövsiyə edilib. Azərbaycan futbolunun durumu bəllidir. Millinin son oyunları, yaş qrupları üzrə yığma komandaların biabırçı nəticələri ölkədə futbolun hansı səviyyədə olduğunun əyani göstəricisidir. Yarım ildən çoxdur yeni AFFA rəhbərliyi iş başındadır. Bu müddət kifayət edirdi ki, doğru təməlin qoyulması yolunda təşkilati olaraq qəti addımlar atılsın. Bunun əvəzinə, gündəmi zəbt edən baş məşqçi təyinatları, yığmalarda üç aydan bir məşqçilərin səlahiyyətlərinin uzadılması, kosmetik yerdəyişmələr, kapitanlıq müzakirələri, legioner limiti və s. Dəfələrlə təhlillər aparıb, qeyd etmişik, Azəbaycan futbolunun problemləri millinin baş məşqçi seçimləri deyil, daha dərindir və əsaslı kompleks yanaşma tələb edir. Ölkə futbolunun gələcəyini müəyyənləşdirəcək strateji məsələlər futbol ictimaiyyəti arasında geniş müzakirə edilmir, gündəm mövzülarının kölgəsində qalır. Belə davam edəcəyi halda, ciddi dəyişikliklərin olacağı faiz göstəricisi olaraq minimuma enir. Xarici şirkət nümayəndələri ilə görüşümüzdə də vacib məsələlərə üzdən yanaşma münasibət açıq göründü, qoyulan sualların böyük əksəriyyəti cavabsız qaldı.

– Ümumiyyətlə, AFFA nə istəyir? Azərbaycan futbolunun inkişaf strategiyası üçün bir model, nümunə varmı? Məsələn, Xorvatiya, Niderland futbolu və sair.

– AFFA nə istədiyini özü bilmir. Daha doğrusu, peşəkar futbol idarəçiliyindən anlayışları yoxdur, həvəskar düşüncə və şəxsi maraqlar üstünlük təşkil edir. Nəinki keçmişin səhvlərindən nəticə çıxarmaq, eyni xətt üzrə daha bərbad halda davam etdirilir. Strategiyanın mühüm tələbləri var. Mövcud şəraitdə problemləri araşdırmadan, dəqiq təhlillər aparılmadan, diaqnoz qoyulmadan inkişafa aparacaq strategiyanın hazırlanması mümkünsüzdür. İstənilən şablon modeldən istifadə edilə bilər. Nəticə çıxarılmasa – görünən də odur ki, belə də olacaq – yerli şəraitin hərtərəfli spesifikasını nəzərə almadan, hansısa modelin tətbiq edilməsi yanlış addım olar. İstənilən uğurlu model mütləq yerli mühitə uyğunlaşdırılmalıdır. Ona görə də, vaxtı boşa verib, çıxılmaz vəziyyətdə qalıb, təkliflərimiz üzərində işlənilir. Toplantıda qeyd olunan məsələlər geniş müzakirə edildi və məlum oldu ki, işə səhlənkar yanaşan əcnəbilər nə AFFA Nizamnaməsini oxuyublar, nə də bölgələrimizə səfər ediblər. Ölkə futbol strukturunu, bölgələrdə yerli şəraiti bilmədən, problemlərdən agah olmadan, inkişaf strategiyası necə yazıla bilər? Təəssüf ki, bütün bu proseslər AFFA rəsmiləri qarşısında baş verir. Ona görə də, təklif etdik ki, gec də olsa, kömək məqsədi üçün, təcili olaraq təcrübəli, bacarıqlı yerli mütəxəssislərdən ibarət işçi qrupu yaradılsın. AFFA-nın məsələyə nə qədər həssas yanaşacağını zaman göstərəcək.

– Yeni strategiya ilə bağlı müzakirələrdə Azərbaycanın reallıqları nəzərə alınırmı? Məsələn, azad bazar mühitinin, rəqabətin olmaması, klubların əksəriyyətinin AFFA-dan (SOCAR-dan) asılılığı…

– Sualda qeyd etdikləriniz təkliflərimizdə öz əksini tapıb. Qəbul olunub olunmaması artıq bizdən asılı deyil. Tam doğru vurğuladız, yerli mühit var və buna uyğun tənzimləmə olmalıdır. Azərbaycanda futbol gəlirli sahə deyil, daha çox böyük vəsait tələb edən sosial layihədir. Dövlət hər il ölkə futboluna AFFA, klublar qarışıq ümumilikdə 50-60 milyon vəsait ayırır. Ən önəmlisi, maliiyə kredit şəklində deyil, təmənnasız verilir. Azərbaycan futbolu şərtləri üçün az məbləğ deyil. Bu şəraitdə ən ümdə olan məsələlərdən biri, ayrılan vəsaitin doğru istiqamətdə xərclənməsi, səmərəli istifadə edilməsidir. Son 15-20 ili götürdükdə, ölkə futboluna milyarddan çox sərmayə yatırılıb. Fantastik göstəricidir. Nə yazıq ki, xalqın, dövlətin pulu torresslərdən, lippettlərdən tutmuş, yurçeviçlərə, santuşlara, anderssonlara xərclənilir, futbolla məşğul olan uşaqlar isə adi meydanlara, forma, top üzünə həsrətdirlər. Futbola məsləhətli göndərilən cavabdehlər bilməlidirlər ki, ayrılan vəsaitin xərclənməsini ata malı kimi görmək yox, məsuliyyətini dərk etməlidirlər və xüsusi nəzarət mexanizmi yaradılmalıdır. İllərdir ayrılan vəsaitlə Azərbaycan futbolunda infrastruktur problemi olmamalı idi. Təkliflərimdən biri də, AFFA-nın özəyini təşkil edən 8 bölgə federasiyalarını əhatə edən 8 müasir tipli futbol akademiyasının inşası və inkişaf strategiyasına salınmasıdır. Fikirlərdən yayınsa da, 70 yaşlı Fernandu Santuşla 3-4 illik müqaviləni bağlayan, bu gün AFFA-ya rəhbərlik edən, Azərbaycan futboluna cavabdehlik daşıyan 40 yaşlılardır. Ağıl yaşda olmur, başda olur! Futbola yanaşma dəyişməyincə, beyinlərdə milli ruha, peşəkarlığa söykənən təfəkkür olmayınca, layiqli yerli mütəxəssislərə şərait yaradılmayınca, infrastruktur, uşaq futbolu, işlək mexanizm qurulmayınca, mənəvi və faktiki məsuliyyət hiss edilməyincə, Azərbaycan futbolunda ciddi dəyişikliklərin baş verməsi xəyal olaraq qalacaq.

Rəşad

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button