“Onsuz bizdə çempionatı tərk edən olmur, ha 5-ci yer oldun, ha 6-cı, fərq etmir” – Müsahibə

AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovun Komanda.az saytına müsahibəsi:

  • Azərbaycan Premyer Liqasında artıq sona üç tur qalmış həm çempionluq, həm də avrokuboklara vəsiqə uğrunda gərgin mübarizə gedir. Hansı komandaları daha şanslı hesab edirsiz?
  • Vəziyyət, verir əziyyət (gülür). İlk üç yer uğrunda mübarizə gedir. Çempionluq uğrunda “Qarabağ”la “Neftçi” mübarizə aparır. Sona üç tur qalıb və “Qarabağ” bir xal öndədir. Düşünürəm ki, son tura qədər mübarizə davam edəcək. Son turda da iki komanda bir-biri ilə qarşılaşacaq. Çempionun kim olacağını bilmək olmur. Çünki üç oyunda hər şey ola bilər. Komandalar son tura bu vəziyyətlə də gedə bilər, fərqli də. Nə olacağını sonda biləcəyik. Həm “Qarabağ”ın, həm də “Neftçi”nin şansı var. Üçüncü yer uğrunda “Sumqayıt”la “Zirə” mübarizə aparır. Son turda “Zirə” bir xal qazanıb, üçüncü yerə yüksəldi. “Sumqayıt”ın kubok oyunu da var. Onlar üçün də çətindir, sıx qrafikdədirlər. Üçüncü yer uğrunda da maraqlı mübarizə gedəcək. Digər pillələrin elə də əhəmiyyəti yoxdur. Onsuz bizdə çempionatı tərk edən olmur, ha 5-ci yer oldun, ha 6-cı, fərq etmir. Bircə ona görə yadda qalacaq ki, hə, bu komanda ötən il bu pilləni tutdu, vəssalam.
  • “Qarabağ”ı, yoxsa “Neftçi”ni bir addım öndə görürsüz?
  • Bunu demək olmaz. Son oyun ayın 19-udur. Qarşıda çox oyun var, nəsə demək olmur. Həm “Neftçi”nin, həm “Qarabağ”ın şansı var. Son oyuna qədər vəziyyət belə olsa, artıq burda psixoloji durum da ön planda olacaq. “Neftçi”nin qarşıda “Sumqayıt”la oyunu var. Son illərdə “Neftçi” bu komandanı udmaqda çətinlik çəkir. Bu oyunun da nəticəsini bilmək olmur. Bu, futboldur və oyuna necə köklənməyin, necə hazırlaşmağın çox vacibdir. Hər oyuna final matçı kimi baxmalısan, son tura qədər hər şeyi hesablamalısan.
  • Avrokuboklar uğrunda yer üçün mübarizə aparan “Zirə”ni Rəşad Sadıqov çalışdırır. Sadıqovun komandadakı işini necə dəyərləndirirsiz?
  • Rəşad çalışır. Hər zaman öz üzərində işləyən biridir. Biz istəyirik ki, məşqçi gəlib, altı-yeddi aya hər şeyi etsin. Belə də olmur axı. Gərək reallığı danışasan. Rəşadın fikri, öz sistemi var, “Zirə”nin oyununu dəyişib. Rəşad hələ çalışır, öz üzərində işləməyə davam etməlidir. Necə olacağını zaman göstərəcək.
  • Sadıqovun Premyer Liqada baş məşqçi kimi ilk ilidir. Kubokun “Keşlə” ilə matçında hakimin mübahisəli qərarına sərt reaksiya vermişdi, bir növ üsyan edirdi. Təcrübəli mütəxəssis kimi Rəşada və digər gənc məşqçilərə nə məsləhət verərdiz?
  • Hakimlərin səhvi ola bilər, onlar da insandır və səhv edə bilərlər. Əsas olan bu səhvləri bilə-bilə etməməkdir. Hakimlər çalışmalıdır ki, oyunun nəticəsinə təsir etməsinlər. Hakimlər də cavandır, məşqçilər də. Məşqçilər səbrli olmalıdır. Bilirsiz, məşqçi sözü tam başqadır. İndi görürsən ki, hamı müəllim deyir. Mən bununla razılaşmıram. Müəllim sözünü məktəb, universitet müəllimlərinə deyirdilər. Bizdə müəllim sözü dəyərdən düşüb. Hər kəsi öz vəzifəsiylə çağırmalısan. Məşqçilərimiz səbri olmalıdır. Məşqçilər korpusunun qanunları var: məşqçinin danışığı, davranışı, özünü aparması və s. Ümumilikdə, məşqçi hər şeyə diqqət etməlidir, hətta geyiminə də. Məşqçilər səbrli olmalı, sakit qalmalıdır. Onların belə çılğınlıqları cavan olmalarından irəli gəlir. Bu da zamanla düzələcək. Hamımızın səhvi olub, səhvləri şişirtməmək lazımdır. Düzdür, hakimin səhvinə görə komandan vacib xal itirə bilər, kubokdan çıxa bilər və ya elə özün də işindən ola bilərsən. Buna baxmayaraq, səbrli davranmalısan.
  • Azərbaycan kubokunun finalında “Keşlə” ilə “Sumqayıt” qarşılaşacaq. Hansı komanda kuboku qazanmağa daha yaxındır?
  • Kubok matçı çempionatdan fərqlənir. Biri var altı-yeddi oyun oynayıb, avrokuboklara gedəsən, biri də var 28 oyundan sonra. Buna görə kubok hər zaman çempionatdan seçilir. Futbolçuların da bu oyuna xüsusi hazırlaşmasına ehtiyac yoxdur. Şanslara gəldikdə, həm “Keşlə”, həm də “Sumqayıt” kuboku qazana bilər. “Sumqayıt” yarımfinalda “Qarabağ”ı çətinliklə keçdi və bütün gücünü bu oyuna qoydu. “Keşlə” də “Zirə” ilə 120 dəqiqəlik oyun oynadı. Hər iki komandada yorğunluq var. Kim daha yaxşı hazırlaşsa, psixoloji cəhətdən daha yaxşı olsa, kuboku da o qazanacaq.
  • Mahir Emrelinin adı Polşanın “Legiya” klubu ilə hallanır. Sizcə, Mahir getsə, Avropada uğurlu ola biləcək?
  • Mahirin adı hallanır, ancaq hələ ortada bir şey yoxdur. Mahirin xaricdə oynamağının vaxtı çatıb. Seçim onundur, hara istəyir, ora da getsin. Özü baxsın, gedəcəyi yer ona uyğundurmu, ora öyrəşə biləcəkmi? Qərarı özü verəcək. Mən düşünürəm ki, artıq getməlidir. Gedib orda inkişaf etməli, Avropa futbolunu öyrənməlidir. Avropa klublarında özünü göstərə bilsən, daha yaxşı yerlərə də gedə bilərsən. “Legiya” hər il avrokuboklarda iştirak edən komandadır. Mahirə getmək lazımdır. Ona məsləhətim odur ki, getsin və inkişaf etsin. O, buna hazırdır. Xarakteri buna imkan verir. Mahir gedib Avropada oynamalıdır, vaxtıdır.
  • Yeni mövsümdə Azərbaycanı avrokuboklarda hansı komanda uğurlu təmsil edə bilər?
  • Burda klubların strukturu, maliyyəsi, futbolçuları, məşqçisi, hər şey önəmlidir. Bunlar avrokuboklarda uğurlu çıxış etmək üçün şərtlərdir. Qəribədir ki, biz avrokubokları mayda fikirləşirik. Bu haqda yanvardan düşünməyə başlamalısan. Sistem qurmalı, ona uyğun futbolçu tapmalısan, psixoloji olaraq hazır olmalısan. Yayda futbolçu alırıq ki, avrokuboklarda oynasın. Ancaq gələnin də hazırlaşmaq üçün vaxtı olmur. Bəs bu necə oynayacaq? Gərək klublar planlı düşünsün, ona uyğun hərəkət etsin. Avrokuboklara çıxıb, elə ilk mərhələdə uduzmaq Avropada oynamaq sayılmır. Düşünürəm ki, avrokuboklar haqda bir il əvvəldən fikirləşmək lazımdır.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button