AFFA milli komandaların baş məşqçiləri ilə müqavilələri yenilədi

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, iclasda AFFA-nın prezidenti Rövnəq Abdullayev, İcraiyyə Komitəsinin üzvləri Elşad Nəsirov, Elxan Məmmədov, Vaqif Sadıqov, Mahir Məmmədov, Firudin Qurbanov, Elmar Məmmədyarov, Zaur Axundov, Fərid Mansurov və Könül Mehdiyeva iştirak ediblər.

Müzakirələrdən əvvəl Vətən müharibəsində, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AFFA-nın prezidenti, İcraiyyə Komitəsinin sədri Rövnəq Abdullayev iclası giriş sözü ilə açaraq deyib:

“Vətən müharibəsində qazandığımız zəfər münasibətilə hər birinizi təbrik edir, başda cənab Ali Baş Komandan olmaqla bu zəfərin qazanılmasında xidməti olmuş hər kəsə təşəkkür edir, yaralılarımıza şəfa arzulayıram. Bu gün, eyni zamanda, Respublika Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin doğum günüdür, AFFA İcraiyyə Komitəsinin adından cənab Prezidenti təbrik edirik.

İclasın gündəliyində olan məsələlər barədə məlumatınız var. Müzakirələrə başlaya bilərik”.

Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. 2021/2022-ci il mövsümündə UEFA klub yarışları və Azərbaycan Premyer Liqasında iştirak üçün klubların Lisenziyalaşdırma qaydaları təsdiq olunsun.

2. Müqavilə müddəti başa çatmış və yekunlaşmaqda olan aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçilərinin müqaviləsi qarşılıqlı razılıq əsasında uzadılsın (məşqçilərin yaş qruplarında fəaliyyəti pandemiya ilə əlaqədar UEFA tərəfindən müxtəlif turnirlərin ləğv olunması və ya təxirə salınması barədə qərarlara müvafiq şəkildə tənzimlənəcək və müqavilələrin müddəti seçmə mərhələni əhatə edəcək):

Milan Obradoviç

Samir Əliyev

Elxan Abdullayev

Miloş Velebit

Aqil Nəbiyev

3. AFFA-nın növbəti konfransı 2021-ci il yanvarın sonu-fevralın əvvəlində videokonfrans formatında keçirilsin.

Rövnəq Abdullayev iclasın yekununda bunları deyib:

“Səmərəli müzakirələr apardıq, müvafiq qərarlar qəbul olundu. Hər birinizə iclasda iştirakınıza görə təşəkkür edirəm. Bu il üçün İcraiyyə Komitəsinin sonuncu iclası idi. Pandemiya ilə əlaqədar bu il bütün dünya üçün yaddaşlarda uğursuz il kimi qala bilər, amma Azərbaycan üçün, xalqımız üçün 2020-ci il zəfər ilidir. Uzun müddət işğal altında olan torpaqlarımızı cənab Ali Baş Komandanın qətiyyəti, cəsarəti və ordumuzun rəşadəti sayəsində azad etməyə nail olduq. Arzu edirəm ki, bundan sonra bütün illər ölkəmizin quruculuq, inkişaf illəri olsun. Hər birinizi qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edir, bu pandemiya günlərində sağlam olmağınızı, cansağlığı arzulayıram!”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button